Ümid edirəm ki, Avropa Kubokunda öz oyunumuza qayıdacağıq.
Bunu "Report"a açıqlamasında Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin baş məşqçisi Ratomir Deliç deyib.
Mütəxəssis Dünya Qadın Seriyasının Bakı mərhələsindəki uğursuzluqdan bəhs edib:
"Bu yarış bizim üçün çətin keçdi. Çünki üç oyunçu ilə oynayırdıq. Mersedes Uolker zədəlidir. Xüsusən ilk görüşdə ritmi tutmaqda çətinlik çəkirdik. Buna baxmayaraq, ikinci qarşılaşmada daha yaxşı göründük".
Baş məşqçi Avstriyanın paytaxtı Vyanada keçiriləcək Avropa Kuboku haqqında da danışıb:
"Həmin turnirdə Mersedesin vəziyyətinin necə olacağını görəcəyik. O, yaxşılaşır. Ümid edirəm ki, oynaya biləcək və biz öz oyunumuza qayıdacağıq".
Qeyd edək ki, Azərbaycan millisi Avropa Kubokunda İspaniya və Avstriya ilə qarşılaşacaq. Yığma Bakı mərhələsində Almaniyanın Düsseldorf ZOOS" komandasına (8:21) və Ukrayna millisinə (12:16) məğlub olub.