Bakı. 12 yanvar. REPORT.AZ/ Bu həftə Azərbaycanın qadınlardan ibarət voleybol komandaları Avropa kuboklarında növbəti oyunlarını keçirəcəklər. "Report"un məlumatına görə, "Rabitə" və "Azəryol" Çempionlar Liqası, "Lokomotiv" CEV Kuboku, "Azərreyl" isə "Çelenç" Kuboku qarşılaşmalarına çıxacaq.
Çempionlar Liqasının B qrupunda "Azəryol" Rumıniyada "Stiinta" ilə qarşılaşacaq. Görüş yanvarın 14-də yerli vaxtla 17:00-da baş tutacaq. Bir gün sonra A qrupunda qərarlaşan "Rabitə" Sərhədçi İdman Olimpiya Kompleksində Çexiya "Prosteyov"u ilə mübarizəyə başlayacaq. Yanvarın 15-də keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək.
CEV Kubokundakı vahid təmsilçimiz "Lokomotiv" yanvarın 14-də Rusiyanın "Dinamo"sunu (Krasnodar) qəbul edəcək. Qarşılaşma Bakıdakı voleybol mərkəzində keçiriləcək və saat 18:00-da başlayacaq.
"Çellenç" Kubokunda mübarizə aparan "Azərreyl" isə yanvarın 14-ü Norveçdə "Stod Volley" klubu ilə üz-üzə gələcək. Komandalar mübarizəyə yerli vaxtla 19:00-da start verəcək.