Bakı. 18 sentyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) Yevlax rayon Baytarlıq idarəsi rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında dezinfeksiya tədbirlərini davam etdirir.
DBX-dən "Report"a verilən məlumata görə, dezinfeksiya aparılan zaman xüsusilə yem və su qablarının, divarların aşağı hissələrinin, arakəsmələrin, kanalizasiya xətlərinin mexaniki təmizliyinə fikir verilir. Təsərrüfatlarda obyekt sahibləri tərəfindən mexaniki təmizlik aparıldıqdan sonra profilaktik dezinfeksiya işləri aparılır. Kənd təsərrüfatı heyvanları saxlanılan, bəslənilən və satışı aparılan obyektlərdə dezinfeksiya tədbirləri Tarif (qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli 17 saylı qərarı ilə müəyyən edilmiş tariflərə uyğun icra edilir.
Obyektlərdə aparılan profilaktik dezinfeksiya "almerdehyde", "ektosan" və 5 %-li "kaustik soda" məhlulları ilə aparılıb. Dezinfeksiya məhlulları əraziyə DUK maşınlar ilə güclü axın halında və ya avtomatik səyyar çiləyiçilərlə səpilib. Obyektlər dezinfeksiyadan sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib.
Dezinfeksiya işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.
Həmçinin cari ilin ötən 8 ay ərzində Yevlax rayonda 1692 obyektə məxsus 82700 kvadratmetr ərazidə dezinfeksiya tədbirləri aparılaraq rayonda epizootik sabitlik qorunub.
Dövlət Baytarlıq Xidməti bildirir ki, cari ilin ötən 8 ayı ərzində respublikada 2883737,13 kvadratmetr sahə profilaktik, 397978 kvadratmetr sahə məcburi dezinfeksiya, 147510 kvadratmetr sahə dezinseksiya və 1934 kvadratmetr sahə deratizasiya tədbirlərinə cəlb edilmişdir. Hazırda ölkə ərazisində epizootik durum sabitdir və təşkilati-təsərrüfat tədbirləri davam etdirilir.