Yemişin qiyməti niyə bahadır? - RƏY

Yemişin qiyməti niyə bahadır? - RƏY yemişin qiymətinin baha olmasının səbəbi bazarda vasitəşilərin sayının çox olmasıdır
ASK
26 İyul , 2019 09:29
Yemişin qiyməti niyə bahadır? - RƏY

Ölkədə yemişin qiymətinin kəskin şəkildə yüksək olması əhali arasında narazılıqlar yaradıb. Belə ki, rayonlarda yerləşən bazarlarda yemişin 1 kiloqramının qiyməti 30-35 qəpik, Bakıdan bölgələrə gedən magistral yolların kənarında 50-55 qəpik, paytaxtdakı supermarketlərdə isə 1-1,5 manata satılır.

“Report” yemişin qiymətinin belə baha olmasının səbəblərini araşdırıb. Bunun üçün ilk olaraq bölgələrdə yemiş əkini ilə məşğul olan bir neçə fermerlə əlaqə saxlayıb yemişi alverçilərə hansı qiymətə satdıqları ilə maraqlandıq. Fermerlərin əksəriyyətinin sözündən belə aydın oldu ki, onlar yemişin 1 kiloqramını alverçilərə maksimum 10-15 qəpiyə verirlər. Belə çıxır ki, Bakıda yemişin 1 kiloqramı həmin qiymətdən 10-15 dəfə baha qiymətə satılır. Fermerlər bildirib ki, yerlərdə bu il məhsuldarlığın səviyyəsi də qənaətbəxşdir. Buna baxmayaraq, görünən odur ki, həm fermerlər, həm də alıcılar alverçilərdən əməli-başlı narazıdır. Hətta həmsöhbətlərimizin içində yaşlı bir fermer əməkdaşımızın yemiş alverinə başlamaq istədiyini zənn edərək ona “tövsiyə edirəm ki, yemiş alverinə girişmə, bu, bir az təhlükəli işdir, get başqa işlə məşğul ol” deyə məsləhət də verdi.

     

Kənd Təsərrüfatı üzrə ekspert Nicat Nəsirlinin sözlərinə görə, yemişin qiymətinin baha olmasının səbəbi bazarda vasitəçilərin sayının çox olmasıdır:

"Keçən il yemişin qiyməti bazarda yüksək olduğundan və satışı da yaxşı getdiyindən bu il yemiş əkini ilə məşğul olanların sayı daha çox oldu. Bu il qarpız-yemişin əkin sahəsi ötən il ilə nisbətdə 300-400 hektara qədər artdı. Qeyd edim ki, bu il pomidor yaxşı satıldığı üçün ehtimal edirəm ki, gələn il pomidor əkənlərin də sayı artacaq. Bu il bazarda qarpız-yemişin qiyməti əvvəlki ilə baxanda elə də yüksək deyil. Amma fermerlərin satdığı qiymətlə marketlərdəki qiymət arasında fərq böyükdür. Fermerlər özləri bazara məhsul çıxartmır. Bizdə məhsul səyyar satış məntəqələrinə gəlib çatana qədər bir neçə mərhələ keçir. Əvvəlcə bir alverçi gedir sahədən fermerdən məhsulu alıb rayon bazarına çıxarır. Sonra bir başqası rayon bazarından alıb Bakıdakı topdan satış məntəqələrinə gətirir. Başqa bir alverçi isə topdan satış məntəqələrindən alıb səyyar satış məntəqələrinə gətirir. Bu zaman arada məhsulun çeşidlənməsinə nəzarət edən başqa bir vasitəçi də olur. Hər vasitəçi də, öz növbəsində, məhsulun qiymətini bir qədər artırır və nəticədə səyyar satış məntəqələrində qiymət yüksək olaraq formalaşır. Bu proses bütün dünyada belə gedir. Dünyanın heç bir yerində fermer özü aparıb məhsulu bazarda sata bilmir. Bu mexanizm heç yerdə özünü doğrultmayıb. Çünki fermerin qayğıları çox, logistika imkanları izə movcud deyil. Bu zəncirdə ən çarəsiz vəziyyətdə olan da fermerdir. Belə ki, fermerlər məhsulu sata bilməyəcəklərindən qorxurlar. Alverçilər də bəzən bundan istifadə edərək fermerə psixoloji təzyiq göstərib ondan məhsulu daha aşağı qiymətə alırlar. Nəticədə fermerin neçə ay çəkdiyi əziyyət hədər getmiş olur".

Məhsulun qiymətinin aşağı olmasını istəyiriksə, çalışmalıyıq ki, bazarda vasitəçilərin sayı az olsun.

Nicat Nəsirli

Эксперт по сельскому хозяйству Ниджат Насирли

Bununla belə, ekspert əlavə edib ki, yemişin satış qiymətinin baha olmasında alverçiləri də tam günahkar hesab eləmək olmaz:

"Düzdür, alverçilər qiymətin baha olmasına birbaşa təsir edirlər. Bəzi süni qiymət artımı da yaradırlar. Amma yemişin satış qiymətinin baha olmasında alverçiləri də tam günahkar hesab eləmək olmaz. Çünki onların da əziyyəti və xərclərinin çoxluğu danılmazdır. Belə ki, alverçi ilk olaraq əkin gedən zaman həmin sahənin qabaqcadan avansını verir. Sonra məhsulu daşımaq üçün xüsusi maşınlar tutur. Qarpız-yemişi hər maşında daşımaq olmaz. Digər tərəfdən, məhsul bazara gətirilənə qədər yolda onun bir hissəsi maşından yerə tökülür, əzilir, tələf olur və ya öz əmtəə görünüşünü itirir. Bir baxın, ölkədə nə qədər nasaz vəziyyətdə olan yollar var. Alverçi də bu itkilərin məbləğini hesablayıb məhsulun qiymətinin üzərinə gəlir. Biz məhsulun qiymətinin aşağı olmasını istəyiriksə, çalışmalıyıq ki, bazarda vasitəçilərin sayı az olsun".

Son xəbərlər

Orphus sistemi