Yuxarı

Qaxda fındıqçılıq sahəsi üzrə ilk kooperativ layihəsinin təqdimatı keçirilib

Fındıqçılıq sahəsi üzrə ilk kooperativ layihəsinin təqdimatı keçirilib

Qax rayonunun Turaclı kəndində yeni yaradılmış kooperativin açılış mərasimi keçirilib. 

"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, tədbirdə Nazirliyin məsul şəxsləri, Qax Rayon İcra Hakimiyyətinin nümayəndələri, kənd icra nümayəndəlikləri, bələdiyyə üzvləri, fermerlər və kənd sakinləri iştirak edib.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev bildirib ki, ölkədə iqtisadiyyatın bütün sahələrində, o cümlədən aqrar sahədə mühüm islahatlar aparılıb. İcra başçısı qeyd edib ki, bu islahatların davamı olaraq dövlət başçısının tapşırıqlarına əsasən fermerlərin üzləşdiyi çətinliklərin həlli üçün qanunvericilik bazası formalaşdırılıb ki, bu da kooperativlərin təsisi üçün hüquqi zəmin yaradıb. M.Şəkiliyev əlavə edib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin gördüyü tədbirlər nəticəsində Qaxda sayca üçüncü olan kooperativ yaradılıb.

Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələrində olduğu kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Nazir deyib ki, ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib: “Bilirsiniz ki, fındıqçılığın ölkədə aqrar sahənin inkişafında xüsusi rolu var. Bu baxımdan, Qaxda fındıqçılıq sahəsi üzrə kooperativin yaradılması çox əlamətdar hadisədir. Bu, Azərbaycanın şimal regionunda yaradılan ilk kooperativdir. Kooperativin yaradılması aqrar sektorun inkişafı üçün çox vacibdir. Kooperativlərin təsis olunması fermerlərin üzləşdiyi çətinliklərin asanlıqla həllinə, onların işini daha effektiv qurmasına, xərcləri azaldığından istehsal olunan məhsulların maya dəyərinin aşağı düşməsinə və daha çox gəlir əldə etməsinə imkan verir. Dövlət tərəfindən hər bir fermerə xüsusi diqqət və qayğının göstərilməsi hər kəsə məlumdur. Kooperativ təsis olunanda isə dövlət fermerlərlə daha asan işləyə bilir. Məhz bu baxımından kooperativlər həm fermer, həm də dövlət üçün əlverişli əməkdaşlıq platformasıdır”.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov Qax rayonunun Turaclı kəndinin sakinlərinə məxsus fındıq bağlarının ərazisində yaradılan “Ata-Baba Fındıq İstehsalı” kooperativi haqqında məlumat verib. Bildirib ki, kooperativdə 96 ailə öz pay torpaqlarını birləşdirib. Yeni könüllülük təsisatında, ümumilikdə, 480 nəfər iştirak edir. Kooperativ üzvlərindən 229 nəfəri kişi, 251 nəfəri isə qadındır. Kooperativdə birləşdirilən torpaq sahələrinin ümumi ərazisi 350 hektardır.

Tədbirdə “Ata-Baba Fındıq İstehsal” kooperativinin sədri Azər Əliyev, fermer Nəcəf Mirzəyev fındıqçılığın inkişafı ilə bağlı öz fikirlərini bölüşüblər.

Təqdimat mərasimində mineral gübrələr, dərmanlar, suvarma və texnika ilə təminat ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb, sualları cavablandırılıb.

Qeyd edək ki, bundan əvvəl Sabirabad rayonunun Yaxadəllək və Beşdəli kəndlərinin sakinləri “Birlik İstehsal Kopperativi”, Axısxa kəndinin sakinləri isə “Axısxalılar Toxum İstehsal Kooperativi” təsis ediblər.

Pay torpaqlarını birləşdirərək kooperativlərin təsis edilməsi “Kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”na və Strateji Yol Xəritəsinə uyğun həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi