Yuxarı

Ötən il Naxçıvanda 1 450 tona yaxın bal istehsal edilib

Bakı. 16 fevral. REPORT.AZ/ 2018-ci ildə Naxçıvan MR-da arıçılıqla məşğul olan təsərrüfat subyektlərinə 336 600 manat məbləğində kredit verilib, 6 arıçılıq təsərrüfatı və arı yeşiyi, çərçivə (pətək) istehsalı sahəsi yaradılıb.

“Report”un Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ümumilikdə, son beş ildə təsərrüfat subyektlərinə 1 778,3 min manat kredit verilib.

Ötən il ərzində arıçılıq təsərrüfatlarının fəaliyyətini əlaqələndirmək, arıçıların rastlaşdıqları problemlərin vaxtında həllinə nail olmaq məqsədilə “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyi yaradılıb. Muxtar respublikanın əlverişli təbii iqlim şəraiti, zəngin yem ehtiyatları bazası da bu sahənin inkişaf etdirilməsinə geniş imkanlar açıb.

Bu ilin yanvarın 1-nə muxtar respublikada 72 350 arı ailəsi mövcud olub ki, bu da 2008-ci ilin sonu ilə müqayisədə 2,5 dəfə çoxdur.

2018-ci ilin sonuna ümumi arı ailələrinin 9178-i Şərur, 10540-ı Babək, 13745-i Ordubad, 13897-si Culfa, 1642-si Kəngərli, 20547-si Şahbuz, 667-si Sədərək rayonlarının, 2134-ü isə Naxçıvan şəhərinin payına düşüb.

Arı ailələrinin artımı məhsul istehsalına da müsbət təsir edib, 2018-ci ildə muxtar respublikada 1448 ton bal istehsalı qeydə alınıb. Bal istehsalı 2008-ci illə müqayisədə 3,3 dəfə artıb.

Arıçılığın inkişafı istiqamətində həyata keçirilən digər mühüm tədbir kimi 2018-ci ildən başlayaraq bu sahə ilə məşğul olan hüquqi və fiziki şəxslərə saxladıqları hər arı ailəsinə görə subsidiyaların nəzərdə tutulması məhsul istehsalının həcmini daha da artıracaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi