Mərakeş çəyirtkələrinə qarşı mübarizə tədbirlərinə start verilib

Mərakeş çəyirtkələrinə qarşı mübarizə tədbirlərinə start verilib Bakı. 20 aprel. REPORT.AZ/ İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Salyan rayonlarını əhatə edən Küdrü düzü ərazisində sürü halında yaşayan Mərakeş çəyirtkələrinə qarşı mübarizə tədbirlərinə start verilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzi tərəfindən qısa müddət ərzində 84 min 427 hektar sahədə çəyirtkəkimilərin monitorinqi keçirilib.
ASK
20 Aprel , 2018 19:24
Mərakeş çəyirtkələrinə qarşı mübarizə tədbirlərinə start verilib

Bakı. 20  aprel. REPORT.AZ/ İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Salyan rayonlarını əhatə edən Küdrü düzü ərazisində sürü halında yaşayan Mərakeş çəyirtkələrinə qarşı mübarizə tədbirlərinə start verilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzi tərəfindən qısa müddət ərzində 84 min 427 hektar sahədə çəyirtkəkimilərin monitorinqi keçirilib.

"Report"un Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi xəbərə görə, aparılan monitorinqlər nəticəsində çəyirtkəkimilərin sayının iqtisadi ziyanvermə həddindən çox olduğu müəyyən edilmiş 1600 hektar sahədə aprelin 19-dan etibarən Mərakeş çəyirtkələrinə qarşı ilkin mübarizə tədbirlərinə başlanılıb.

Mübarizə tədbirləri “Pikap” tipli avtomobillərə quraşdırılmış ultra kiçikhəcmli müasir və yüksək manevr qabiliyyətinə malik “AU 8115 M” çiləyici aqreqatlar və yerüstü çiləyicilər vasitəsilə həyata keçirilir.

Həmin ərazilərdə əvvəlcədən xəbərdaredici nişanlar qoyulub, təsərrüfat sahibləri, fermerlər və ətraf kəndlərin sakinləri arasında maarifləndirmə tədbirləri həyata keçirilib, eyni zamanda, onlara mübarizə tədbirlərinin əhəmiyyətini əks etdirən və çəyirtkəkimilər haqqında tərtib olunmuş broşürlər paylanılıb.

Hazırda Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən çəyirtkəkimiləri nəzarətdə saxlamaq məqsədilə Tovuz, Qazax, Ağstafa, Samux və Şəmkir rayonlarını əhatə edən Ceyrançöl ərazisində, İmişli, Beyləqan rayonlarında, eyni zamanda, Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Şirinqum ərazisində, Şamaxı, Kürdəmir və Ağsu rayonlarını əhatə edən Padarçöl ərasizində monitorinqlər davam etdirilir.

Kənd təsərrüfatı bitkiləri üçün əsl təhlükə mənbəyi sayılan Mərakeş çəyirtkələri əkin sahələrinə kütləvi şəkildə miqrasiya edərək bir neçə saat ərzində sahəni yararsız hala salır. İsti günlərdə Mərakeş çəyirtkələri çəkisinin yarısı qədər su itirir ki, bu da onların zərərli fəaliyyətini daha da artırır. Zərərvericilər 250 kilometr məsafəni uça bilir ki, bu da təsərrüfatlar üçün nə qədər təhlükəli olduğundan xəbər verir. Çəyirtkəkimilər bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla miqrasiya etmək qabiliyyətinə malikdir. Bu səbəbdən də mübarizə tədbirlərini qısa zamanda həyata keçirmək lazımdır ki, kənd təsərrüfatı bitkilərinə vurula biləcək itkilərin qarşısı vaxtında alınsın.

Dövlət Fitosanitar Nəzarəti Xidməti fermer təsərrüfatı sahiblərinə və sahibkarlara xəbərdarlıq edərək bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin 1652 və Dövlət Xidmətinin (012)-562-87-44 çağrı mərkəzləri fəaliyyət göstərir. Əgər əkin sahələrində, fermer təsərrüfatlarında adıçəkilən zərərvericilərin kütləvi hücumu baş verərsə, dərhal çağrı mərkəzinə zəng etmək və ya Dövlət Xidmətinin yerli qurumlarına məlumat vermək lazımdır.

Son xəbərlər

Orphus sistemi