Yuxarı

Azərbaycanda Gürcüstanda yayılan zərərvericiyə qarşı tədbirlər planı hazırlanır

© Report — Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyasının müdiri Taleh Şəmiyev

“Gürcüstandan Azərbaycana qəhvəyi mərmər taxta bitinin keçmək ehtimalı yüksəkdir”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyasının müdiri Taleh Şəmiyev jurnalistlərə bildirib.

O, Tbilisidə qəhvəyi mərmər taxta bitinin yayılması və zərərvericiyə qarşı mübarizə tədbirlərinə həsr olunmuş beynəlxalq konfransda iştirak edir.

T.Şəmiyev deyib ki, ötən illərdə Bakıda qəhvəyi mərmər taxta bitinin fərdi aşkar olunub: “Gürcüstanda bu zərərverici, əsasən, fındıq və qarğıdalı sahələrinə böyük ziyan vurur. Azərbaycanın Gürcüstanla həmsərhəd olan rayonları bu zərərvericinin keçməsi riski ilə üz-üzədir. Zərərverici may ayının axırlarında qışlamadan çıxır və sentyabra qədər üç nəsil verir və may-sentyabr aylarında aktiv zərər vurur”.

Laboratoriya müdiri vurğulayıb ki, Qida Təhlükəsizliyi İnstitutunda qəhvəyi mərmər taxta bitinə qarşı mübarizə planı hazırlanır: “Tbilisidəki konfransda əldə olunan məlumatlardan planda istifadə olunacaq. Planda zərərvericiyə qarşı mübarizə və yayılmasının qarşısının alınması istiqamətində fəaliyyət istiqamətləri öz əksini tapacaq”.

Qeyd edək ki, Gürcüstanın Milli Qida Agentliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda 26 ölkəni təmsil edən nümayəndələr iştirak edir. Tədbirdə Gürcüstanın qəhvəyi mərmər taxta biti ilə mübarizə sahəsindəki təcrübəsi təqdim olunub.

Xatırladaq ki, ötən il Gürcüstan hökuməti qəhvəyi mərmər taxta bitinə qarşı mübarizəyə 18,2 mln. dollardan çox vəsait ayırıb. ABŞ-ın USAID təşkilatı da əlavə olaraq 3,5 mln. dollar təqdim edib.

Qonşu ölkədə qeyd olunan zərərverici 2015-ci ildə yayılmağa başlayıb, 2017-ci ildə isə ölkə üçün ciddi problemlərdən birinə çevrilib. Ötən il 780 hektar torpaq sahəsinə kimyəvi maddələr səpilib və 50 minə yaxın tələ quraşdırılıb.

Xarici mütəxəssislərin qiymətləndirmələrinə görə, Gürcüstan qəhvəyi mərmər taxta bitinə qarşı mübarizəni hələ 2-3 il davam etdirməli olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi