Yuxarı

Azərbaycanda 150 min kəndli ailəsi sağlam toxumluq kartof istehsalı sistemindən faydalana bilər

Fermerlər üçün yenilik

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) sağlam toxumluq kartof istehsalı sxeminin bütün aspektləri üzrə təlim kursu keçirib. 

Bu barədə “Report”a FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisindən bildirilib.

FAO Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu ilə birgə həyata keçirdiyi “Azərbaycanda xəstəliklərdən azad milli kartof toxumçuluğu sisteminin yaradılması“ layihəsi çərçivəsində müxtəlif maraqlı tərəflər üçün sağlam toxumluq kartof istehsalı sxeminin bütün aspektləri üzrə təlim kursu keçirib.

Tədbirdə çıxış edən FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının meneceri Namiq Məmmədov bildirdi ki, layihə 2016-2020 illəri əhatə edən FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilir. Layihənin həyata keçirilməsi nəticəsində seçilmiş rayonlardan birində kartof yumrularının istehsalı məqsədilə 250 tonluq soyuq saxlama anbarının yaradılması, toxumluq kartof istehsalı üzrə müasir tendensiyaları bilən və innovasiyaları tətbiq edə biləcək mütəxəssislərin hazırlanması, sağlam toxumluq kartof istehsalı üçün müvafiq yerlərdə əsas infrastrukturların (laboratoriyalar, istixanalar, istehsal sahələri, saxlama anbarları və s.) yaradılması və maarifləndirmə tədbirlərin (təlim kursları, seminarlar, sahə günləri və s.) keçirilməsi, toxum bankındakı toxuma kulturasında müxtəlif sortlardan genofond materialları istehsal etmək və saxlamaq, ildə 120,000 bitki sağlam in vitro kartof şitillərinin kütləvi yayılmasına və həmçinin layihənin milli ərzaq təhlükəsizliyi, eləcə də Azərbaycanda kənd təsərrüfatının və kənd yerlərinin inkişafına mühüm töhfə verəcəyi gözlənilir.

56 iştirakçının qatıldığı tədbirə təlimçi qismində FAO-nun Kənd Təsərrüfatı Genetik Mühəndisliyi üzrə beynəlxalq eksperti, Türkiyənin Nigde Ömer Halisdemir Universitetinin Kənd Təsərrüfatı Elmləri və Texnologiyaları Fakültəsinın professoru Mehmet Emin Çalışkan dəvət olunub. Mehmet Emin Çalışkan öz nitqində son illərdə Azərbaycanda kartof istehsalında yaranan problem və inkişaf tendensiyaları barəsində təlim iştirakçılarına məlumat verib. Belə ki, o öz çıxışında kartof istehsalında son illərin təhlillərinə əsasən əkin sahələrinin nisbətən sabit saxlamaqla məhsuldarlığın yüksəlməsi tempi barədə məlumat verib. Əgər 2015-ci ildə 61,0 min ha-dan 839,8 min ton və ya hər hektardan 13,8 ton məhsul toplanmışsa, 2016-cı ildə analoji olaraq 62,8 min hektardan 902,4 ton və ya 1 hektardan 14,4 ton məhsul, 2017-ci ildə 58,8 min hektardan 913,9 ton və ya 1 hektardan 15,5 ton məhsul istehsalına nail olunub. Düzdür bu rəqəmlər dünya göstəricisindən müəyyən qədər az olsa da, bu tempin qorunub və inkişaf etdirilməsi ölkədə kartofa olan tələbatın tamamilə yerli məhsul hesabına ödənilməsinə imkan yaradacaq.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, fermerlər yeni sortları qəbul etsələr və toxumları əldə etsələr, azı 150,000 Azərbaycanlı kəndli ailəsi uzunmüddətli perspektivdə təkmilləşdirilmiş sağlam toxumluq kartof istehsalı sistemindən faydalanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi