Yuxarı

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermerlərin sayı 47 mini üstələyib

EKTİS-də qeydiyyatdan keçmiş fermerlərin sayı 47 mini üstələyib

Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçən fermerlərin sayı 47 050-yə çatıb.

Bubarədə “Report”a Nazirlikdən bildirilib. 

Məlumata görə, EKTİS-də ən çox Biləsuvar, Salyan, Şəki və Şamaxı rayonlarında yaşayan fermerlər qeydiyyatdan keçiblər. Biləsuvarda 3 637, Salyanda 3 450, Şəkidə 3 348, Şamaxıda 3 208 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları yeni sistemə daxil ediblər. Şamaxı rayonunun Göylər Dağ, Şəkinin Kiçik Dəhnə, Qubanın Hacıhüseynli, Biləsuvarın Xırmandalı kəndlərində yaşayan fermerlərin əksəriyyəti EKTİS-də qeydiyyat prosesini başa çatdırıb.

Ümumilikdə, 33 231 fermer torpaq mülkiyyətini təsdiq edən Dövlət Aktı və şəhadətnamə, 9 215 fermer Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarış, 513 fermer icarə sənədi, 54 fermer vərəsəlik şəhadətnaməsi əsasında sistemdə qeydiyyatdan keçib. Qalan fermerlər EKTİS-də yaratdıqları şəxsi kabinetə ilkin mərhələdə tələb olunan digər sənədləri əlavə ediblər.

Sistemdə ən çox qeydiyyat aprelin 19-da aparılıb. Dünən ölkə üzrə 7 808 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatlarını sistemə daxil ediblər. EKTİS-də 440 mindən çox fermerin qeydiyyatdan keçəcəyi gözlənilir. EKTİS-də şəxsi kabinet yaratmaq, məlumatları ardıcıl şəkildə sistemə daxil etmək üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) əməkdaşları, Aqrar İnkişaf Könüllüləri və ASAN Könüllüləri fermerlərə informasiya məsləhət xidməti göstərirlər. Azərbaycanın müxtəlif bölgələrində bu prosesə cəlb olunan DAİM əməkdaşları və könüllülərə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən təlimlər keçirilir.

EKTİS sisteminin tətbiqinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də dəstək verir. Fermerlər DAİM-lərə və ASAN Xidmət Mərkəzlərində yaradılmış xüsusi xidmət pəncərələrinə yaxınlaşaraq EKTİS-in tətbiqi ilə bağlı məsləhət ala bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi