Bakı. 18 may. REPORT.AZ/ “Azərbaycan çəyirtkəkimilərlə mübarizəyə həm texniki, həm də kadr baxımından tam hazırdır”. “Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) rəisi Camal Quliyev Dağıstanın bir sıra rayonlarında çəyirtkə yayılması səbəbindən fövqəladə vəziyyət elan olunması ilə bağlı xəbərə münasibət bildirərkən deyib.
Xidmət rəisi qeyd edib ki, ötən ilin iyunun 12-də Abşeron yarımadasına Rusiyanın Dağıstan Respublikasının Terek çayı vadisindən Xəzər dənizi vasitəsi ilə Asiya çəyirtkəsi miqrasiya edib: “Qısa müddət ərzində səyyar qərargahlar yaradılaraq 1 040 ha sahədə mübarizə tədbirləri aparılıb və Asiya çəyirtkəsinin ocaqları məhv edilib. Hər il Dövlət Xidməti tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir və maşın-mexanizmlər işlək vəziyyətdə saxlanılır ki, çəyirtkəkimilərin miqrasiyası baş verdikdə, bunun qarşısı dərhal alınsın və kənd təsərrüfatı məhsullarına ziyan vurmasına imkan verilməsin”.
DFNX rəisinin sözlərinə görə, Xidmət tərəfindən bu il də xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə məqsədi ilə respublikanın rayonlarını əhatə edən qərargahlar yaradılıb: “Bu günə qədər Azərbaycan üzrə 3 913 sahədə Mərakeş çəyirtkəsinə qarşı mübarizə tədbirləri aparılıb. Çəyirtkəkimiləri nəzarətdə saxlamaq məqsədi ilə monitorinqlər, çəyirtkəkimilərin sayının iqtisadi ziyanvermə həddindən çox olan ərazilərdə mübarizə tədbirləri aparılır”.