BƏƏ Azərbaycanda kənd təsərrüfatı sahəsinə sərmayə qoymaq niyyətindədir

BƏƏ Azərbaycanda kənd təsərrüfatı sahəsinə sərmayə qoymaq niyyətindədir Bu ölkənin "MBM" şirkətlər qrupu öz planlarının kənd təsərrüfatı naziri ilə bölüşüb
ASK
28 Sentyabr , 2016 19:25
BƏƏ Azərbaycanda kənd təsərrüfatı sahəsinə sərmayə qoymaq niyyətindədir

Bakı. 28 sentyabr.REPORT.AZ/ Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Birləşmiş Ərəb Əmirliklərinin "MBM" şirkətlər qrupunun nümayəndə heyəti ilə görüşüb. Görüşün məqsədi aqrar sektorda investisiya tələb edən sahələr və bu sahələrə sərmayələrin qoyulması ilə bağlı müzakirələrin aparılması olub. 

Nazirlikdən "Report"a daxil olan məlumata görə, H.Əsədov iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, həmçinin kənd təsərrüfatı sahəsində də əməkdaşlıq üçün geniş potensial imkanların olduğunu vurğulayıb.

Görüşdə H.Əsədov investisiya tələb olunan sahələr, xüsusilə də Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə kənd təsərrüfatı məhsullarının ixrac edilməsi məqsədilə aqroparkların yaradılması, Azərbaycanda istehsal olunan meyvə-tərəvəz məhsullarının Birləşmiş Ərəb Əmirliklərinə və digər ölkələrə ixracı məqsədilə logistik bazanın yaradılması, konservləşdirilmiş meyvə və tərəvəzin ixracı, Azərbaycanda müasir tipli ət və süd emalı müəssisələrinin və iri heyvandarlıq təsərrüfatlarının yaradılması ilə bağlı əməkdaşlıq imkanlarının araşdırılması, ölkədən Birləşmiş Ərəb Əmirliklərinə quş əti və yumurta ixracı məsələsinin müzakirə olunması, heyvandarlıq məhsullarının saxlanması və ticarəti üçün logistik mərkəzin yaradılması, pestisid istehsalı müəssisəsinin yaradılması imkanlarının araşdırılması, pambıq, tütün, barama məhsullarının ixracı, həmçinin texnika, gübrə istehsalı üçün əlverişli şəraitin olduğunu nəzərə çatdırıb.

"MBM" şirkətlər qrupunun Korporativ Məsələlər üzrə direktoru Federico Carvellini Azərbaycanda ilk dəfə olduğunu və bu səfərdən məmnunluğunu ifadə edərək, Azərbaycanın Asiya və Avropada strateji bir nöqtədə yerləşdiyini, yüksək inkişaf etmiş bir ölkə olduğunu, ölkə rəhbərliyinin aqrar sahəyə böyük önəm verdiyini nəzərə alaraq kənd təsərrüfatı sahəsində əməkdaşlığa maraq göstərdiklərini diqqətə çatdırıb. Səfərlərində əsas məqsədin Azərbaycanda kənd təsərrüfatının fundamental sahə olduğunu və bu sahədə əməkdaşlıq imkanlarını araşdırıb və bu sahənin inkişafı üçün texniki və maliyyə dəstəyi göstərməkdən ibarət olduğunu bildirib. F. Carvellini kənd təsərrüfatı infrastrukturunun yenidən qurulmasına və aqroparkların yaradılmasına sərmayə qoyuluşu, həmçinin Azərbaycanda fəaliyyət göstərən şirkətlərlə əlaqə yaradılması, kənd təsərrüfatının müxtəlif sahələri ilə tanış olaraq bu sahədə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə maraqlı olduqlarını və əməkdaşlığa dair təkliflərlə Kənd Təsərrüfatı Nazirliyinə müraciət edəcəklərini bildirib. 

Son xəbərlər

Orphus sistemi