Azərbaycanın aqrar sektorunda güzəşt mexanizmlərinin təkmilləşdirilməsi təklif olunur

Azərbaycanın aqrar sektorunda güzəşt mexanizmlərinin təkmilləşdirilməsi təklif olunur Bakı. 18 sentyabr. REPORT.AZ/ Təhlillər göstərir ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarında idxaldan müəyyən dərəcədə asılılıq hələ də qalır.
ASK
18 Sentyabr , 2018 16:03
Azərbaycanın aqrar sektorunda güzəşt mexanizmlərinin təkmilləşdirilməsi təklif olunur
0 : 00
0 : 00

Bakı. 18 sentyabr. REPORT.AZ/ "Təhlillər göstərir ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarında idxaldan müəyyən dərəcədə asılılıq hələ də qalır".

“Report”un verdiyi xəbərə görə, bunu Hesablama Palatasının aqrar, ekologiya və yanacaq-enerji sahələrinin auditi sektorunun müdiri Siyavuş Mustafayev deyib.

“Son illər ərzində qeyri-neft sektorunun aparıcı sahəsi olan aqrar sektorda müxtəlif və geniş güzəştlər (vergilərdən azadolma, müxtəlif növ subsidiyalar, güzəştli texnika, güzəştli kredit, sığorta, güzəştli tariflə suvarma suyunun satışı, tədarük və s.) tətbiq olunur. Bu güzəştlərə görə dövlət tərəfindən birbaşa və dolayı yolla böyük məbləğlərdə vəsaitlər xərclənir. Aparılmış təhlillər isə onu göstərir ki, kənd təsərrüfatı məhsullarında idxaldan müəyyən dərəcədə asılılıq hələ də qalır. Bu isə onu deməyə əsas verir ki, aqrar sektorda güzəşt mexanizmlərini təkmilləşdirməklə nəticəliliyə əsaslanan intensiv metodların tətbiqinin genişləndirilməsinə ehtiyac duyulur. Xüsusilə qeyd olunmalıdır ki, istehsalçılara subsidiyaların verilməsində respublikanın ərazilərinin ixtisaslaşmasının nəzərə alınması və kənd təsərrüfatının sahələri (bitkiçilik və heyvandarlıq) üzrə balansın qorunması və tarazlaşdırılması məqsədəmüvafiq olardı. Bundan əlavə, “istehsal-istehlak” zəncirinin respublikada tam formalaşdırılması, xammalın deyil, yalnız hazır məhsulların ixracının həyata keçirilməsi səmərəli hesab edilir”, - deyə o bildirib. 

Hesablama Palatası rəsmisinin sözlərinə görə, xarici bazarlardan respublikaya daxil olan idxal mallarını məhdudlaşdırmaqla yerli istehsalın inkişaf etdirilməsi rəqabəti müəyyən dərəcədə aradan qaldırır və yerli istehsalçılarda bir növ arxayınlıq yaradır. Bu prosesin yalnız iqtisadi alətlərlə tənzimlənməsi daha böyük səmərə verə bilər.

O qeyd edib ki, dövlət satınalmaları prosedurlarının sadələşdirilməsini, eləcə də elektronlaşdırılmasını, ictimai nəzarətin formalaşdırılmasını və şəffaflığın artırılmasını zəruri edir: "Rəqabətin gücləndirilməsi imkanlarından biri də dövlət satınalmaları yolu ilə istehsalçıları stimullaşdırmaqdır. Respublikada dövlət satınalmaları sahəsində qanunvericilik sistemi, əsasən, 2002-2003-cü illərdə formalaşdırılıb. Həmçinin 2017-ci ilin may ayından qüvvəyə minmiş dəyişikliklərə görə, dövlət satınalmaları sahəsində inzibati və məsuliyyət tədbirlərinin müəyyənləşdirilməsi bu sahədə intizamın gücləndirilməsinə əsaslanıb. Lakin dövlət satınalmaları prosedurlarının mürəkkəbliyi (çoxluğu) və inzibatçılığa əsaslanması bəzi hallarda çətinliklər yaradır və bu prosedurların sadələşdirilməsini, eləcə də elektronlaşdırılmasını, ictimai nəzarətin formalaşdırılmasını və şəffaflığın artırılmasını zəruri edir. Bu məsələdə ən əsası ehtimal olunan qiymətin formalaşdırılması prosesində obyektivliyin təmin olunması, ehtimal olunan qiymətin qabaqcadan açıqlanaraq qiymətin yuxarı həddi kimi qəbul olunması nəticə etibarilə rəqabətin gücləndirilməsinə müsbət təsir edə bilər”. 

Onun sözlərinə görə, eləcə də dövlət satınalmaları sahəsində müvafiq qanunvericilik aktlarında təsbit olunmuş inzibati və məsuliyyət tədbirləri yaradan halların konkretləşdirilməsinə ehtiyac duyulur. Aparılmış təhlillər və beynəlxalq təcrübə göstərir ki, dövlət satınalmaları sahəsində çatışmazlıqların aradan qaldırılması ilk növbədə qabaqlayıcı tədbirlərin tətbiqinə söykənməklə neqativ halların yaranmasına zəmin olan səbəblərin aradan qaldırılması yolu ilə daha yüksək effekt verə bilir.

Son xəbərlər

Orphus sistemi