Video əlavə olunub
***15:23
Tərtər. 31 avqust. REPORT.AZ/ Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımına başlayıblar. Ötən il hektarın orta məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sırada dayanan tərtərli pambıqçılar bu ili də yüksək göstəricilərlə başa vurmağı qarşıya məqsəd qoyubl.
Bu il rayon ərazisində 3300 hektarda pambıq becərilib. "MKT İstehsalat Kommersiya” MMC və "Azərpambıq” MMC ilə bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları becərmə zamanı lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin olunublar. Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlər - kultivasiya, seyrəltmə, gübrələmə, suvarma işlərinin, sofkaya, mənənəyə və digər zərərvericilərə qarşı dərmanlama tədbirlərinin vaxtlı-vaxtında həyata keçirilməsi nəticəsində bu il də tarlalarda bol məhsul yetişib.
Rayonda pambıq əl əməyindən istifadə edilməklə yığılmağa başlanıb. İlk olaraq rayonun Qaraağacı kəndi ərazisində yığılan pambıq "MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər filialına təhvil verilib.
*** 14:56
Füzuli. 31 avqust. REPORT.AZ/ Füzuli rayonunda pambıq yığımına başlanılıb.
"Report"un Qarabağ bürosu xəbər verir ki, "ağ qızıl"ın yığımının bu qədər tez başlaması havaların əlverişli keçməsi və tarlalara göstərilən aqrotexniki qulluqdur.
Məlumata görə, bu il Füzuli rayonu üzrə 2000 hektardan çox ərazidə pambıq əkilib və yığım üçün bütün hazırlıqlar başa çatıb. Yaxın günlərdə texnikaların da sahələrə səfərbər edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, pambıq əkən fermerlər bu il məhsulu 60 qəpikdən təhvil verə biləcək, eyni zamanda hər kiloqram "ağ qızıl"a əlavə 10 qəpik subsidiya da veriləcək.