Bakı. 23 oktyabr. REPORT.AZ/ 2019-cu ildə Azərbaycanda kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 834,7 mln. manat vəsait ayrılması nəzərdə tutulub.
“Report”un gələn ilin dövlət büdcəsi zərfinə istinadən verdiyi xəbərə görə, bu, 2018-ci illə müqayisədə 79,4 mln. manat və yaxud 10,5% çoxdur.
Həmin xərclərin dövlət büdcəsinin xərclərinin tərkibində xüsusi çəkisi 3,4% təşkil edəcək.
2019-cu ilin dövlət büdcəsində kənd təsərrüfatı tədbirləri üçün 477,5 milyon manat, meliorasiya, irriqasiya və suvarma sistemlərinin maliyyə təminatı üçün 293,6 milyon manat, baytarlıq tədbirləri üçün 25,8 milyon manat, meşə təsərrüfatı tədbirləri üçün 12,4 milyon manat, balıqçılıq və ovçuluq tədbirləri üçün 3 milyon manat, ətraf mühitin mühafizəsi, bioloji zənginliyin qorunması və digər ekoloji tədbirlərin həyata keçirilməsi üçün 14,7 milyon manat, hidrometeorologiya tədbirləri üçün 7,7 milyon manat vəsait proqnozlaşdırılıb.
Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərcləri üzrə ayrılmış vəsaitin 8,6 milyon manat toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi, 7,1 milyon manatı yaşıllıqların salınması, onlara xidmət və landşaft quruluşu işlərinin yerinə yetirilməsi, 1 milyon manatı kənd təsərrüfatı əmlakının sığortalanması, 0,6 milyon manatı meliorasiya və su obyektlərinin elektron məlumat bazasının yaradılması ilə bağlı ünvanlı tədbirlərin maliyyələşdirilməsi, 0,4 milyon manatı isə çirkab sularının təmizləyici qurğularının istismarı və xidməti xərclərinə yönəldiləcək.
Ərzaq təhlükəsizliyi proqramı çərçivəsində 1 ha əkin sahəsinə mineral gübrələrə görə verilən subsidiyanın yuxarı həddinin 100 manatdan 150 manata, pestisidlərə görə verilən subsiyanın yuxarı həddinin isə 10 manatdan 50 manatadək artırılması nəticəsində yaranan əlavə 123 milyon manat xərc 2019-cu ilin dövlət büdcəsində nəzərə alınıb.
Ölkədə kənd təsərrüfatının inkişafı ilə bağlı yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, suvarma sahələrinin genişləndirilməsi və digər meliorasiya tədbirlərinin maliyyə təminatı üçün 2019-cu ilin dövlət büdcəsində əlavə olaraq 44,6 milyon manat vəsait nəzərdə tutulub.