Nazirlik: ​Azərbaycanın kənd təsərrüfatında yeni inkişaf trendləri yaranıb

Nazirlik: ​Azərbaycanın kənd təsərrüfatında yeni inkişaf trendləri yaranıb Artıq bu sahədə artım intensiv göstəricilər sayəsində qeydə alınır
ASK
28 Avqust , 2015 11:11
Nazirlik: ​Azərbaycanın kənd təsərrüfatında yeni inkişaf trendləri yaranıb

Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycanda aqrar sahəsi üzrə idarəetmə sistemi, iqtisadi və texnoloji inkişaf mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər hesabına bu sahədə yeni inkişaf meyilləri yaranıb. Bu haqda "Report"a Kənd Təsərrüfatı Nazirliyi icmallaşdırma və statistik təhlil şöbəsinin müdiri Firdovsi Fikrətzadə bildirib.

Bu ilin yanvar-iyul ayları ərzində ümumi kənd təsərrüfatı məhsulunun həcmi üzrə real artımın 8,9% təşkil etdiyini deyən F.Fikrətzadə bildirib ki, bu son 10 illik dövr üzrə ən yüksək göstəricidir. Bundan başqa, bu artım heyvandarlıq məhsulları üzrə 2,4%, bitkiçilik məhsulları üzrə 15,8% olub.

F.Fikrətzadənin sözlərinə görə, bu il xüsusilə əlamətdar hadisə odur ki, bütövlükdə kənd təsərrüfatı sahəsində artımın daha çox intensiv amillər hesabına təmin edilməsi siyasəti artıq öz müsbət nəticələrini verir: "Məsələn, bu mövsümdə kartof və bostan məhsullarının əkin sahələrinin müvafiq olaraq 1,1% və 0,7% azalmasına, tərəvəz əkini sahələrinin isə demək olar ki, ötən illə eyni səviyyədə olmasına rəğmən, bu məhsulların istehsal həcmi artıb. Belə ki, 7 ay ərzində kartof istehsalı 8,7%, tərəvəz istehsalı 6,6%, bostan məhsulları 9,6% çox olub".

"Həmçinin bu mövsüm dənli bitkilərin əkin sahələri ötən mövsümə nəzərən 5%, o cümlədən buğda əkini sahələri 11,5% az olsa da, mövcud məhsuldarlıq göstəricisinə əsasən, cari mövsümdə sahələrdən 28,4% çox taxıl məhsulları, o cümlədən 16,8% çox buğda yığılıb. Taxıl məhsulları üzrə ümumi məhsuldarlıq 30,5 sentner, o cümlədən buğdanın məhsuldarlığı 31,3 sentner olub ki, bu da ölkə üzrə tarixi rekord göstəricilərdir", - deyə şöbə müdiri bildirib.

Son xəbərlər

Orphus sistemi