Azərbaycanda fermerlerə yem istehsalında yeni texnologiyaların tətbiqi öyrədiləcək

Azərbaycanda fermerlerə yem istehsalında yeni texnologiyaların tətbiqi öyrədiləcək Bununla bağlı ölkənin qərb və şimal-qərb rayonlarında zona müşavirələri keçiriləcək
ASK
28 Dekabr , 2016 12:18
Azərbaycanda fermerlerə yem istehsalında yeni texnologiyaların tətbiqi öyrədiləcək

Bakı. 28 dekabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi bu gün Ucar rayonunda (Ucar, Ağdaş, Göyçay, Zərdab və Kürdəmir rayonları üzrə), dekabrın 29-da isə Şəki rayonunda (Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonları üzrə) heyvandarlıqla məşğul olan fermerlər, süni mayalanma və baytarlıq mütəxəssislərinin iştirakı ilə zona müşavirələri keçirəcək.

Nazirlikdən "Report"a daxil olan məlumata görə, zona müşavirələrinin gündəliyinə rayonlar üzrə heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili mövzusunda məruzələr, habelə “Heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili və mövcud olan heyvan cinslərinin məhsuldarlığının yüksəldilməsi yolları”, “Yem istehsalında yeni texnologiyaların tətbiqi”, “Respublikanın müxtəlif bölgələri üzrə heyvanlarda rast gəlinən infeksion və invazion xəstəliklər və onlara qarşı mübarizə tədbirləri” kimi mövzularda təqdimatlar daxildir. Təqdimatlar Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik, Heyvandarlıq və Baytarlıq Elmi-Tədqiqat İnstitutlarının və Respublika Süni Mayalama Mərkəzinin əməkdaşları tərəfindən ediləcək.

Müşavirələrdə yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədi ilə fəaliyyətlərin genişləndirilməsi, istifadə olunan genetik materialın müayinə edilməsi, yem istehsalının təşkili, bölgə üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri müzakirə olunacaq.

Müşavirələrin mövzusuna uyğun olaraq innovativ təcrübələrin nümayişi məqsədi ilə təsərrüfatlara səfərlər təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi