Yuxarı

Azərbaycanda aqrar sektor 4%-dən çox böyüyüb

Azərbaycanda aqrar sektor 4%-dən çox böyüyüb

Bakı. 17 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 823,6 mln. manat təşkil edib ki, onun da 793,4 mln. manatı heyvandarlıq, 30,2 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 4,2%, o cümlədən bitkiçilik məhsulları üzrə 63,2%, heyvandarlıq məhsulları üzrə isə 2,8% artıb.

Məlumatda həmçinin deyilir ki, hazırda respublikada yaz-tarla işləri aparılır və aprelin 1-nə kimi 114,5 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 15,9 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 1,3 min hektarı dən üçün qarğıdalı), 28,1 min hektar sahədə kartof, 25,8 min hektar sahədə tərəvəz, 2,4 min hektar sahədə bostan bitkiləri, 5,0 min hektar sahədə şəkər çuğunduru, 2,1 min hektar sahədə dən üçün günəbaxan, 34,5 min hektar sahədə çoxillik otlar, 0,4 min hektar sahədə birillik otlar və 0,3 min hektar sahədə sair yazlıq bitkilər əkilib.

Təsərrüfatlarda yanvar-mart aylarında 51,7 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 2,3 dəfə çox tərəvəz məhsulları istehsal edilib.

2018-ci ilin yanvar-mart aylarında quş əti də daxil olmaqla diri çəkidə 119,2 min ton ət, 458,2 min ton süd, 434,6 mln. ədəd yumurta istehsal edilib, 2017-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,4%, süd istehsalı 1,7%, yumurta istehsalı 2,1% artıb.

Martın sonuna ölkə üzrə 8 659,2 min baş qoyun və keçi, 2 684,1 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 290 min baş inək və camış, 5 323 baş donuz mövcud olub. İribuynuzlu mal-qaranın 48,1%-ini inək və camışlar təşkil edir.

Cari ilin yanvar-mart aylarında quşçuluq fabriklərində diri çəkidə 20,5 min ton (keçən il 19,1 min ton) quş əti və 181,7 mln. ədəd (keçən il 190,9 mln. ədəd) yumurta istehsal olunub. Ümumilikdə, fabriklər üzrə cəmi quşların sayı 11 884,3 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 39 ədəd yumurta alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi