Yuxarı

Leyla Məmmədova: “Məqsədimiz qeyri-ənənəvi bazarlarda yerli istehsal məhsullarımızı tanıtmaq və onların satışını təşkil etməkdir” - MÜSAHİBƏ - VİDEO

Azərbaycan məhsulları Keniya, Nigeriya, BƏƏ ölkələrinə ixrac edilir

“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova "Report" İnformasiya Agentliyinə müsahibə verib:

- “Aqrar Tədarük və Təchizat” ASC fəaliyyətə başladığı gündən etibarən qarşıya qoyduğu məqsədlərə nə dərəcədə nail olub?

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin əsas missiyası aqrar ticarətin təşkili və bu sahədə fermerlərimizə, kiçik və orta qida istehsalçılarımıza dəstək göstərməkdir. Qısa müddətdə fəaliyyətə başlamağımıza baxmayaraq, artıq müəyən uğurlar əldə edirik. Hazırda biz kiçik və orta fermerlərlə, qida istehsalçıları ilə müxtəlif istiqamətlərdə çox sıx əməkdaşlıq həyata keçiririk. “Aqrar Tədarük və Təchizat” ASC yerli istehsalçıların məhsullarını onların müraciətlərinə əsasən xarici tədbirlərdə tanıdır, onların ixracatını həyata keçirir və ölkə daxilində müxtəlif üsullar və kanallar vasitəsilə satışını təşkil edir. 

Əhalinin xüsusən az gəlirli hissəsi üçün xüsusi yarmarkalar təşkil edirik. Bu yarmarkalar vasitəsilə fermerlərimizə, qida istehsalçılarımıza tamamilə ödənişsiz şərait yaradırıq. Onlar birbaşa Bakı sakinlərinə öz məhsullarını sata bilirlər. Bundan əlavə, “Kənddən şəhərə” mağazaları vasitəsilə yerli istehsal və kənd təsərrüfatı məhsullarının satışını təşkil edirik. ASC-nin funksiyalarından biri də dövlət qurumlarının qida təchizatıdır. Biz hər il onların müraciətinə əsasən yerli istehsalçılardan tədarük edilmiş məhsulları satınalan təşkilatlara təqdim edirik. Paralel olaraq özəl sektorda da fəaliyyətimiz var. Özəl sektorda müxtəlif kənd təsərrüfatı məhsulları emaledici qurumlarla sıx əməkdaşlıq edirik. Çalışırıq ki, yerli məhsulların daxili bazarda satışını təşkil edək. Bizim üçün fermerlərimizin maarifləndirilməsi və müxtəlif layihələrdə iştirakı da vacib məsələlərdən biridir. Bu məqsədlə üzərində çalışdığımız layihələrdən biri də aqro ekoturizm layihəsi olan “Şəhərdən kəndə”dir. Bu layihə üzərində biz Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə işləyirik. 

Digər bir layihəmiz aqrar fəallığı olan Azərbaycan qadınları layihəsidir (AFAQ). Bu layihəni biz BMT-nin kənd təsərrüfatı və ərzaq məhsulları (FAO) təşkilatı ilə icra edirik və uzunmüddətli, dayanıqlı nəticə əldə edəcəyimizi gözləyirik. Məqsədimiz bu layihə çərçivəsində ölkəmizdə kənd təsərrüfatını aqrar fəaliyyətli qadın sahibkarlar arasında təbliğ etmək, bu sahəyə marağı olan xanımlarımızı gələcəyin aqrar sahbkarlarına çevirməkdir.

- Ölkəmizin kənd təsərrüfatı məhsullarının xarici bazarlara ixracı ilə bağlı atılması nəzərdə tutulan addımlar nələrdən ibarətdir?

- Hazırda bu istiqamətdə xüsusi bir komanda ilə çalışırıq və müəyyən uğurlar da əldə etmişik. Bu istiqamətdə bizim üçün prioritet istiqamətlərdən biri Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün ənənəvi olan bazarlarda deyil, qeyri-ənənəvi bazarlarda yerli istehsal məhsullarımızı tanıtmaq və onların satışını təşkil etməkdir. Bu məsələ “Strateji yol xəritəsində”də xüsusi olaraq qeyd edilib. Mütəmadi olaraq sərgilərdə iştirak edirik. 

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə sıx əməkdaşlıq saxlayırıq. Eyni zamanda, Azərbaycan Respublikasının xarici ölkələrdə olan səfirlikləri ilə mütəmadi əlaqədə olur, onların dəstəyi ilə xarici ölkələrdə yerli kənd təsərrüfatı və ərzaq məhsullarımızı tanıtmağa və onların satışını həyata keçirməyə çalışırıq. Bu il yeni ölkələrə ixracat etməyə başladıq. Bu, bizim üçün eksperimental bir layihə olsa da çox uğurlu alındı. Bu gün bizim fermerlərimizin məhsulları onların iştirakı ilə Keniya, Nigeriya, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrə ixrac edilir. Hazırda digər ölkələrdəki aqrar ticarətçi və idxalatçılarla ciddi danışıqlar aparırıq. Beynəlxalq sertifikatların əldə edilməsi üçün danışıqlar gedir.

- “Kənddən şəhərə” layihəsi çərçivəsində görülən işləri və əhalinin “Kənddən şəhərə” yarmarkalarına münasibətini necə qiymətləndirirsiniz?

- Hazırda biz “Kənddən şəhərə” yarmarkaları təşkil edirik. Bu layihənin özü də bizim üçün eksperimental xarakter daşıyırdı. Sözügedən praktikadan bu gün kifayət qədər uğurlu iqtisadiyyata sahib ölkələr istifadə edir. Bunlara misal olaraq Hollandiya, Koreya, Türkiyə kimi ölkələri göstərə bilərik. Biz də bu praktikanı Azərbaycana uyğunlaşdırmağa çalışaraq yarmarkalar və mağazalar təqdim etməyə başladıq. İşlərimizin gedişatında əldə olunan nəticələr çox müsbətdir. Bu gün “Kənddən şəhərə” yarmarkalarına həm fermerlər, həm də Bakı şəhərinin sakinləri tərəfindən böyük maraq var.

Bizim yerli qida istehsalçılarımıza və fermerlərimizə müraciət edərək bildirmək istəyirəm ki, onların məhsulun logistikası ilə bağlı hər hansı bir çətinlikləri varsa “Aqrar Tədarük və Təchizat” ASC-nin 11 regionda yerləşən regional idarələrinə müraciət edə bilərlər. Bu müraciətdən sonra onların məhsulları qeyd edəcəkləri yerdən toplanaraq şəhərimizə çatdırılır və həftəsonu yarmarkalarında onların iştirakı ilə satışı keçirilir. Bu xidmətlərin hamısı ödənişsizdir. Hətta fermerlərimiz üçün lazımi ləvazimatların verilməsi də tamamilə təmənnasız həyata keçirilir. Əgər bu gün müxtəlif rayonlardan bizə belə yarmarkaların təşkili ilə bağlı müraciət varsa deməli layihə uğurlu layihədir. Məqsədimiz ilin sonuna qədər yarmarkaların sayını 5-ə çatdırmaqdır.

ASC həftəsonu yarmarkaları ilə bərabər mütəmadi olaraq müxtəlif tematik yarmarkalar da təşkil edir. 30-a yaxın müxtəlif məntəqədə Qurban bayramı münasibətilə də yarmarkalar təşkil etdik. İndi isə növbəti yarmarkamıza hazırlıq işləri gedir. Arıçılıq Assosiasiyası, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə birgə bal yarmarkasıını keçirəcəyik. Yarmarka sentyabrın 28-dən oktyabrın 18-ə qədər davam edəcək. Məqsədimiz bu ilki yarmarkaları ötən ilkilərdən daha innovativ keçirməkdir. Bu səbəblə də yarmarkada şəhərimizin sakinlərinin alacağı hər bir məhsul xüsusi barkodlarla qeyd ediləcək. Saytda bu barkodu daxil edərək balın hansı fermerə məxsus olduğunu, hansı kənddən gətirildiyini öyrənmək mümkün olacaq. Bu yarmarkarlar vasitəsilə onlayn satış da baş tutacaq. Əlavə olaraq həm sakinlərimizin müxtəlif məhsullalrı əldə etmələri, həm də vaxtlarını gözəl keçirmələri üçün həftəsonları müxtəlif əyləncəli proqramların təşkilini də nəzərdə tutmuşuq.

- Aqro ekoturizm layihəsi olan “Şəhərdən kəndə”nin standartlarının müəyyənləşdirilməsi, eyni zamanda fermerlərin və turistlərin bu layihəyə cəlb edilməsi istiqamətində görülən işlər hansı səviyyədədir?

- Aqro ekoturizm layihəsi olan “Şəhərdən kəndə” çox yeni başladılmış bir layihədir. Bu layihə üzərində uzun müddət bizim və partnyorluq etidiyimiz dövlət qurumları və özəl şirkətlər tərəfindən işlər görülməlidir. Burada məqsəd ölkədə inkişaf edən turizmlə yanaşı yeni bir istiqamət olan aqro turizmin inkişafını dəstəkləməkdir. Bu sahənin inkişafı üçün Azərbaycanda kifayət qədər potensial var. Layihənin uğurlu olması üçün yerli turizm şirkətləri, kəndlilər, fermerlər və aqrar ticarətçilərlə sıx əməkdaşlıq şəraitində işləyirik. Yaxın zamanda biz layihənin yeni elektron satış platformasını təqdim edəcəyik. Məqsədimiz bu elektron satış portalı vasitəsilə layihəni daha da inkişaf etdirmək və fermerlər, təsərrüfatları olan şəxslər, turizm şirkətləri, turistlər və digər bütün lazım olan komponentləri bir araya gətirib onların əməkdaşlığını təşkil etməkdən ibarətdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi