Yuxarı

Azərbaycan və Özbəkistan təbii ipək məhsullarının istehsalının və satışının təkmilləşdirilməsi üzrə əməkdaşlıq edəcək

ASK və "Uzbekipaksanoat" arasında Memorandum imzalanıb

“Azərbaycan Sənaye Korporasiyasi” ASC ilə Özbəkistan Respublikasının “Uzbekipaksanoat” Assosiasiyası arasında Memorandum imzalanıb.

Bu barədə "Report"a ASK-dan məlumat verilib.

Məlumata görə, imzalanmış Memorandumun nəticəsi olaraq Assosiasiyanın sədri Baxram Şaripovun rəhbərliyi etdiyi mütəxəssislərdən ibarət nümayəndə heyəti “Azəripək” MMC-də olan mövcud vəziyyətlə tanış olmaq üçün Şəki rayonuna səfər edib.

Qonaqlar “Azərbaycan Sənaye Korporasiyasi” ASC-nin baş direktoru Kamran Nəbizadə ilə birgə müəssisədə fəaliyyət göstərən istehsal sahələri, işçi heyəti ilə yaxından tanış olublar. Tərəflər gələcək əməkdaşlıqlar üçün birgə tədbirlərin həyata keçirilməsi istiqamətində müzakirələr apararaq, müvafiq təkliflər təqdim edib.

Səfərin əsas məqsədini rəqabətədavamlı digər təbii ipək məhsullarının istehsalının və satışının təkmilləşdirilməsi üzrə əməkdaşlıq, quru baramadan digər yan məhsulların əldə edilməsi, “Azəripək” MMC-də istehsal prosesinin təkmilləşdirilməsi və məhsulun maya dəyərinin aşağı salınması və keyfiyyətin yüksəlməsi, həmçinin ipəkçilik sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi, baramaçılıq və ipəkçilik sahəsində qabaqcıl təcrübə mübadiləsi təşkil edir.

“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”na əsasən “Azəripək” MMC tərəfindən bir sıra tədbirlər həyata keçirilir.

"İstehsal potensialının gücləndirilməsi, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi ilə dünya bazarlarında rəqabətə davamlı daha keyfiyyətli xam ipəyin istehsal edilməsi habelə, yerli ipəkçilik məhsullarının satış həcminin artırılması qarşıya qoyulmuş vəzifələrdəndir", - ASK-nın məlumatında bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi