Xətai rayonunda inşa olunan yeni yol istifadəyə verilib

İnfrastruktur
  • 12 yanvar, 2017
  • 11:19
Xətai rayonunda inşa olunan yeni yol istifadəyə verilib

Bakı. 12 yanvar.REPORT.AZ/ Bakı şəhərinin Xətai rayonunda Yusif Səfərov və Fəzail Bayramov küçələri arasında salınan yeni yolun inşası ilə bağlı aparılan işlər başa çatdırılıb. 

"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, uzunluğu 260 metr olan yeni yol 4 hərəkət zolağından ibarətdir. Layihəyə əsasən, 1 metr enində ayrıcı zolaqla birlikdə yeni küçənin eni 16 metr təşkil edib. İnşa olunan yeni yolun hər iki tərəfində vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə eni 2-3 metr olan piyada səkiləri də inşa olunub. Bununla yanaşı, sutkanın qaranlıq saatlarında yolun hərəkət hissəsini işıqlandırmaq məqsədi ilə yol ayrıcına 7 ədəd işıq dirəyi də quraşdırılıb.

Salınan yeni yolun ərazisində yararsız qrunt 1 metr dərinlikdə qazılaraq çıxarılıb, bunun əvəzinə karbonat materialı tökülərək yeni yol yatağı inşa edilib. Daha sonra, qum-çınqıl və optimal qırmadaş qarışıından ibarət yol əsasının inşası işləri aparılıb. Torpaq işləri bitdikdən sonra yola ikiqat olmaqla yeni asfalt-beton örtüyü də döşənilib. Ümumilikdə yolun hərəkət hissəsinin 4 min kv. metr sahəsinin asfaltlanması işləri aparılıb. Yol ayrıcına və səkilərin kənarlarına 1 min poqon metr səkidaşı da düzülüb.

Tikinti işləri bitdikdən sonra küçədə hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilərək yeni yol vətəndaşların istifadəsinə verilib.

Xətai rayonunda inşa olunan yeni yol istifadəyə verilib