“UN-Habitat” vəziyyətlə tanış olmaq üçün Azərbaycana texniki missiya göndərmək niyyətindədir. Təşkilat işğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin infrastrukturunun bərpası məsələsində Azərbaycanla təcrübə mübadiləsi aparmağa hazırdır".
Bunu “Report”un Ümumdünya Şəhər Forumunda iştirak etmək üçün Polşaya ezam olunmuş müxbirinə “UN-Habitat”ın şəhər planlaşdırması üzrə böyük mütəxəssisi Klas Qrot (Klas Groth) bildirib.
“Bu gün Azərbaycan nümayəndə heyəti ilə çox məhsuldar görüş keçirdik. Azərbaycanda şəhər və qəsəbələrin bərpa üzrə aparılan işlər bizdə yaxşı təəssürat oyatdı. Ümid edirəm ki, şəhərlərin dayanıqlı inkişafı işini davam etdirmək üçün “UN-Habitat” və Azərbaycan arasında əməkdaşlığı davam etdirə biləcəyik”, - Klas Qrot deyib.
O vurğulayıb ki, təşkilat gələcək əməkdaşlıq üçün əsas istiqamətləri müəyyən etmək üçün Azərbaycana texniki missiya göndərməyi planlaşdırır.
“Necə kömək edə biləcəyimiz, hansı imkanların mövcud olduğu ilə yerində tanış olmaq çox vacibdir”, - o əlavə edib.
Xatırladaq ki, iyunun 26-dan 30-dək Polşanın Katovitsa şəhərində Ümumdünya Şəhər Forumunun (WUF11) XI sessiyası keçirilir. Forumda Azərbaycan nümayəndə heyəti də iştirak edir.