Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun rəqəmsal infrastrukturu yaradılır
- 03 dekabr, 2021
- 08:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TITR) rəqəmal infrastrukturunun yaradılması məqsədilə ticarət həllərinin, məhsullarının və xidmətlərinin qabaqcıl tədarükçüsü olan Sinqapurun “CrimsonLogic” şirkəti ilə “KTZ Express” və “Digital Silk Way” şirkətləri arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.
“Report” “İzvestiya”ya istinadən xəbər verir ki, sənəd ticarətin inkişaf etdirilməsi məqsədilə Qazaxıstanda, Mərkəzi Asiyada və regionun hüdudlarından kənarda rəqəmsal nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur.
Təşəbbüs çərçivəsində tərəfdaş şirkətlər Cənub-Şərqi Asiya və Çini Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstandan keçməklə Avropa ölkələri ilə birləşdirəcək TITR-ə xidmət göstərəcək. Dəhlizin yaradılmasında “Digital Silk Way” şirkətinin təqdim etdiyi texnologiyanın və “CrimsonLogic” şirkətinin törəmə şirkəti olan “GeTS” şirkətinin təqdim etdiyi CALISTA daşımaların idarə edilməsi platformasının daxil olduğu inteqrasiya olunmuş həlldən istifadə ediləcək. Bu həllin Qazaxıstan və Mərkəzi Asiya üzrə logistika operatoru Qazaxıstanın “KTZ Express” şirkəti olacaq.
“CrimsonLogic” şirkətinin Baş direktoru So Ken Vayın sözlərinə görə, şirkətlər arasında əməkdaşlıq TITR-i asanlaşdıraraq, yükgöndərənlərə və daşıyıcılara daha çox imkanlar təqdim edəcək.
“KTZ Express” şirkətinin Baş direktoru Nurlan İqenbayev hesab edir ki, dəhlizin yaradılması Qazaxıstan vasitəsilə tranzit daşımalarını artıracaq, beynəlxalq əməkdaşlığı möhkəmləndirəcək, yeni logistika zəncirləri yaradacaq. “Digital Silk Way” şirkətinin Baş direktoru Cosjan Jusupov isə TITR-in rəqəmsal infrastrukturunun yenilənməsinin həm Qazaxıstan, həm də maraqlı tərəflər üçün faydalı olacağı qənaətindədir.
Qeyd edək ki, TITR 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Daha sonra layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda layihə Çin-Qazaxıstan sərhədindən Avropayadək uzanır. Bütün marşrut boyu vahid tarif müəyyən edilib, “vahid pəncərə” prinsipi reallaşdırılır, konteyner qatarları hərəkət edir.
Xatırladaq ki, ötən ilin dekabr ayından Türkiyədən TITR ilə Çinin Sian şəhərinə Azərbaycan üzərindən konteyner qatarları göndərilir. Bu marşrut başqalarına nisbətən sürət və qiymətlər baxımdan sərfəli olduğu üçün bazarda tezliklə rəğbət qazanıb.
Belə ki, cəmi 16 gün ərzində bir başdan o biri başa çatan qatarlar razılaşmalara görə ayda iki dəfə yola salınır. Bu razılaşma cari ilin əvvəlindən Çində konteyner daşımalarının bahalaşmasına baxmayaraq dəqiq yerinə yetirilir. Həmçinin pandemiya və onun iqtisadiyyatdakı fəsadları, Çinin ixracatının kəskin artması və idxalatının da azalması nəticəsində konteynerlərin gəmilərlə daşıma haqqı 1 500-3 000 ABŞ dollardan 5-10 min ABŞ dollaradək artıb.