Azərbaycan Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Təmkin Xəlilovun “Report”a müsahibəsi:
- Təmkin müəllim, bu yaxınlarda Dövlət Gömrük Komitəsi ictimaiyyətə Ticarət Statistikası Portalını təqdim edib. Bu portalın sahibkarlar üçün faydası nə olacaq?
- Portalın əsas məqsədi gömrük statistikası istifadəçilərinə xarici ticarət göstəricilərini vizual olaraq sadə və maraqlı şəkildə təqdim etmək, əlçatanlığının asanlaşdırılması üçün vahid rəqəmsal məkan yaratmaqdır.
Eyni zamanda, bu portal sahibkarlara ölkədəki bazarın marketinq təhlilini aparmağa imkan verir. Portal sahibkarlıq fəaliyyətilə məşğul olmaq istəyən maraqlı tərəflərə statistik məlumatları təqdim edərək, onların daha dəqiq biznes araşdırmalarına dəstək olacaq. Bu da öz növbəsində xarici ticarətdə rəqabət qabiliyyətinin və şəffaflığın artırılmasına zəmin yaradacaq.
Portal xaricdən məhsul alışını planlaşdıran yeni istehsal müəssisələrinin yaradılması, məhsul çeşidini genişləndirmək üçün yeni xarici və daxili bazarları araşdırarkən müxtəlif təhlillərin aparılması, istehsal etdikləri məhsullar üçün yeni xarici bazarların axtarışı, marketinq strategiyasının planlaşdırılması, müəssisələrin xarici bazarlardakı fəaliyyətlərinin analizi və qiymətləndirilməsi zamanı sahibkarlar üçün daha faydalı olacaq.
Təkcə sahibkarlar deyil, eyni zamanda, müxtəlif araşdırmalar aparan media nümayəndələri, elm adamları, tələbələr və digər istifadəçilər də Portaldan maraqlı olan statistik məlumatları əldə edə bilərlər.
- Bundan sonra istifadəçilər Ticarət Statistikası Portalında hansı yenilikləri görəcəklər?
- Əlbəttə, hazırda mütəxəssislərimiz yeni əlavələr üzərində müxtəlif araşdırmalar aparırlar. Onu da qeyd edim ki, Portal istifadəçilərə beta variantda təqdim edilib. Məqsəd onların rəy və təkliflərini nəzərə almaq və gələcək dövrlərdə Portalı inkişaf etdirməkdir. Dövlət Gömrük Komitəsi rəy və təklifləri nəzərə almağa həmişə hazırdır.
Sizin agentlik vasitəsilə də istifadəçilərə müraciət edirəm: gəlin, birlikdə Ticarət Statistikası Portalını daha asan, informativ, səmərəli və rahat edək.
- “Smart customs” qeydiyyatda olan fiziki şəxlərin fərdi məlumatlarının qorunması, üçüncü tərəfə keçməməsi üçün hansı addımlar atılır?
- İnformasiya texnologiyalarının sürətlə inkişaf etməsi, eyni zamanda informasiyanın qorunmasını və kibertəhlükəsizliyin təmin edilməsini daha önəmli və prioritet istiqamətlərdən biri edib. Dövlət Gömrük Komitəsinin mütəxəssisləri yeni informasiya texnologiyalarını davamlı izləyir və onların tətbiq imkanlarını araşdırırlar. Eyni zamanda, digər dövlət orqanları ilə birgə müvafiq tədbirlər həyata keçirilir.
Dövlət Gömrük Komitəsində elektron formada yığılan məlumatlar Azərbaycan Respublikasının “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanununa və digər qanunvericilik aktlarına uyğun şəkildə qorunur. Fərdi məlumatların və informasiya resurslarınının mühafizəsini Komitənin İnformasiya təhlükəsizliyi şöbəsi həyata keçirir.
“Smart customs” mobil tətbiqi və digər elektron xidmətlərin istifadəsi “identifikasiya nömrəsi”, “Asan İmza” və “Elektron İmza” qeydiyyat vasitələri ilə həyata keçirilir. Bu qeydiyyat vasitələri, eyni zamanda digər dövlət orqanlarının informasiya resurslarına çıxışı təmin edir. Həmin qeydiyyat vasitələrindən istifadə zamanı istifadəçilərə fərdi məlumatların təhlükəsizliyini təmin etmək üçün daha diqqətli olmaları və qeydiyyat məlumatlarını üçüncü tərəfə ötürməmək tövsiyə olunur. Nəzərə alınmalıdır ki, digər şəxslər istifadəçilərin qeydiyyat məlumatlarını əldə etməklə onların dövlət orqanlarının informasiya resurslarında mövcud olan fərdi məlumatlarını əldə edə bilərlər.
Eyni zamanda, istifadəçilərin nəzərinə çatdırırıq ki, Komitənin təqdim etdiyi elektron xidmətlərin istifadəsi zamanı Dövlət Gömrük Komitəsinin rəsmi informasiya resurslarından istifadə olunmalıdır.
- Təmkin müəllim, “Smart customs” sistemində sərnişinlər üçün sadələşdirilmiş bəyannamənin nə zaman aktiv edilməsi nəzərdə tutulub?
- “Smart customs” mobil tətbiqində nəzərdə tutulan əlavə bölmələrdən biri də sərnişinlər üçün sadələşdirilmiş bəyannamədir. Bildiyimiz kimi, sadələşdirilmiş bəyannamə daha geniş və əhatəlidir. Sadələşdirilmiş bəyannamənin “Smart customs” mobil tətbiqində aktivləşdirilməsi sahəsində işlər aparılır və növbəti ildən tətbiq edilməsi nəzərdə tutulur.
- Yeri gəlmişkən, yaxın günlərdə sərhədkeçmə proseslərində hansı informasiya texnologiyaları tətbiq ediləcək? Bu sahədə hansı yeniliklər olacaq?
- Ümumiyyətlə, həm sərnişin, həm də yük nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin sadələşdirilməsi üzrə davamlı araşdırmalar aparılır. Sərhədkeçmə proseslərinin ilkin informasiya mübadiləsi, idxal-ixrac əməliyyatları zamanı icazə sənədlərinin blokçeyn texnologiyalarından istifadə etməklə qarşılıqlı tanınması, dünyada geniş istifadə edilən elektron sistemlərə inteqrasiya yolu ilə sadələşdirilməsi və sürətləndirilməsi istiqamətində işlər görülür.
Hazırda gömrük ərazisindən kənarda da sərhəd ödənişlərinin icrasına imkan yaratmaq üçün ciddi işlər aparılır. Ölkə ərazisinə daxil olan nəqliyyat vasitələrinin sürücüləri ödənişləri gömrük-sərhəd keçid məntəqələrində ödəmək məcburiyyətindən azad olacaq, eyni zamanda, ödənişlərin ölkə ərazisində istənilən bank və ya ödəmə nöqtələrində icrası üçün imkan yaradılacaq.
Bundan başqa, Avropanın Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) inteqrasiya istiqamətində tvinninq layihəsinin icrası davam edir. İnteqrasiya başa çatdıqdan sonra Avropa Birliyi və həmin sistemə qoşulan digər ölkələrdən Azərbaycana idxal edilən, eləcə də tranzit yüklər haqqında əvvəlcədən məlumat daxil olacaq. Eyni zamanda, Azərbaycandan Avropaya ixrac olunan yüklərin tranzit ölkələrdən “tranzit bəyannaməsi” tərtib edilmədən keçidinə imkan yaranacaq.
- Sahibkarlıq fəaliyyətinin daha da asanlaşdırılması üçün hansı dövlət qurumları ilə elektron sahədə əməkdaşlıq planlaşdırılır?
- Dövlət orqanları və digər dövlətlərin gömrük orqanları ilə elektron sahədə əməkdaşlıq əsas prioritet istiqamətlərdən biri olaraq diqqət mərkəzindədir və daim inkişaf etdirilir.
Hazırda gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi ilə 11 dövlət orqanının informasiya sistemi arasında məlumat mübadiləsi həyata keçirilir. Bu da sahibkarlıq fəaliyyətinin daha da asanlaşdırılması, sərhədkeçmə və gömrük rəsmiləşdirilməsi prosesinin sürətləndirilməsi üçün idxal-ixrac əməliyyatları zamanı digər dövlət orqanlarının verdiyi müxtəlif icazə sənədlərinin onlayn rejimdə əldə edilməsinə imkan yaradır.
Qida Təhlükəsizliyi Agentliyi ilə həyata keçirilən inteqrasiya layihəsi isə malların idxal-ixracı ilə bağlı Agentliyin verdiyi icazələrin elektron əldə edilməsinə imkan yaradacaq ki, bu da yüklərin daha sürətli keçidi və rəsmiləşməsinə xidmət edəcək.
Eyni zamanda, hazırda Rusiyanın gömrük xidməti ilə pilot rejimində, eləcə də Türkiyə, Ukrayna, Gürcüstan, Özbəkistan və İranla gömrük sərhədindən keçirilən mallar haqqında informasiya mübadiləsi davam etdirilir. Qazaxıstan və Belarus respublikaları ilə isə bu iş texniki sənədlərin hazırlanması və layihələndirilmə mərhələsindədir.