Təmiz gələcəyə uzanan relslər: Azərbaycan dəmir yollarının “yaşıllaşdırılması” yolunda - TƏHLİL

Təmiz gələcəyə uzanan relslər: Azərbaycan dəmir yollarının “yaşıllaşdırılması” yolunda - TƏHLİL Ekoloji problemlərin ön planda olduğu bir dövrdə nəqliyyat sənayesi yol ayrıcındadır. Ekoloji cəhətdən təmiz nəqliyyat növlərindən biri kimi dəmir yolu nəqliyyatı “yaşıllaşdırma” üçün böyük potensiala malikdir.
İnfrastruktur
28 İyun , 2024 16:29
Təmiz gələcəyə uzanan relslər: Azərbaycan dəmir yollarının “yaşıllaşdırılması” yolunda - TƏHLİL

Ekoloji problemlərin ön planda olduğu bir dövrdə nəqliyyat sənayesi yol ayrıcındadır. Ekoloji cəhətdən təmiz nəqliyyat növlərindən biri kimi dəmir yolu nəqliyyatı “yaşıllaşdırma” üçün böyük potensiala malikdir.

Bu gün sərnişin daşımalarının təxminən 40 %-i onun payına düşür, eyni zamanda istixana qazı emissiyalarında onun payı yalnız 2 %-dir. Bununla belə, dizellə işləyən lokomotivlərdən istifadə edən ənənəvi dəmir yolu hələ də insan sağlamlığına və ətraf mühitə mənfi təsir göstərən NOx, SO2 və PM kimi zərərli maddələrin mənbəyidir.

Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan bu problemləri dərk edir və onların həlli istiqamətində qətiyyətli addımlar atır. Ölkə innovasiyalara və qabaqcıl texnologiyalara arxalanaraq dəmir yollarının modernləşdirilməsi və “yaşıllaşdırılması” layihələrini fəal şəkildə həyata keçirir.

Əsas istiqamətlərdən biri elektrik dartı sisteminə keçiddir. Dəmir yollarının elektrikləşdirilməsi teplovozları elektrik xətləri ilə işləyən elektrovozlarla əvəz etməyə imkan verir.

Qatarlar konstruksiyası və optimallaşdırılmış pəncərə quruluşu sayəsində elektrik enerjisindən səmərəli istifadə edir. Bu, bir sərnişinin və ya yükün daşınması üçün digər nəqliyyat növləri ilə müqayisədə daha az enerji tələb olunmasına gətirib çıxarır.

“Yaşıl” relslər və öncül nümunələr

Artıq dünyanın bir çox ölkələri “yaşıl” dəmir yollarının üstünlüklərini nümayiş etdirirlər. Latviyada Qauya çayı üzərindəki körpünün üstündən keçən mənzərəli marşrut və meşələrdən və çəmənliklərdən keçən 30 kilometrlik Riqa-Talsi yolu ekoloji cəhətdən təmiz dəmir yolu nəqliyyatının əsas nümunələrinə çevriliblər.

Hidrogen enerjisindən istifadə edən elektrovozlardan yararlanan İsveçrə federal dəmir yolları, eləcə də 2030-cu ilə qədər tam karbon neytrallığını hədəfləyən, elektrovoz və biodizelə sərmayə qoyan Niderland dəmir yolları bu baxımdan öncül nümunələrdir.

Almaniya dəmir yolları elektrovozlardan fəal şəkildə istifadə edir və enerji səmərəliliyini artırmaq üçün öz infrastrukturunu modernləşdirir. Rusiyada dəmir yolu xəttinin “yaşıllaşdırılması”, ağac və kolların əkilməsi, çəmənliklərin salınmasına yönəlmiş “Yaşıl dəmir yolu” layihəsi həyata keçirilir.

Hindistanda dəmir yollarının yaşıllaşdırılması təşəbbüsü dəmir yolu xətləri boyunca 10 milyon ağac əkilməsini nəzərdə tutur.

Qeyd etmək lazımdır ki, dünya dəmir yollarında elektrik dartı sistemi ilə yanaşı, digər “yaşıl” texnologiyalar da tətbiq edilir. Onlar arasında əyləc enerjisini şəbəkəyə qaytarmağa imkan verən regenerativ əyləcləmə, közərmə lampalarının LED lampaları ilə əvəz edilməsini nəzərdə tutan enerjiyə qənaət edən işıqlandırma var.

Bundan əlavə, onların altından su axınlarının keçməsinə imkan verən və heyvanların miqrasiyasına mane olmayan eko-körpülər tikilir.

Təmiz dartıya gedən yol

Dünya iqlim dəyişikliyi ilə mübarizə apararkən Azərbaycan dəmir yolu sənayesinə bərpa olunan enerji mənbələrini (BOEM) tətbiq etməklə daha “yaşıl gələcə” yə yol açır.

Dəmir yolu xətləri boyunca günəş panellərindən istifadə edən Fransa, Niderland və Böyük Britaniya kimi digər ölkələrin təcrübəsi Azərbaycanı ilhamlandırır. Axı stansiyalarda və vaqonlarda quraşdırılan günəş panelləri işıqlandırmanı təmin edə, kondisioner və digər sistemləri enerji ilə təmin edə bilər.

Azərbaycanın dəmir yolu infrastrukturunda ilk dəfə olaraq 2015-ci ildə Bakı-Xırdalan-Sumqayıt dəmir yolu xətti yenidənqurmadan sonra istifadəyə verilərkən dartı yarımstansiyalarının enerji təchizatı üçün günəş enerjisindən istifadə edilib.

Növbəti addım lokomotiv depolarının günəş panelləri ilə təchiz edilməsi olub. Biləcəri və Gəncə depolarında yüzlərlə panel quraşdırılıb ki, bu da təkcə elektrik enerjisi təchizatına həll etmir, həm də istilik problemlərini həll edir.

Azərbaycanda günəş enerjisindən istifadə üçün ideal iqlim şəraiti var. Ölkədə günəşli saatların sayı ildə 2 400 – 3 200 arasındadır ki, bu da onu dünyanın ən günəşli ölkələrindən birinə çevirir.

Günəşlə yanaşı, Azərbaycanın külək enerjisindən də istifadə etmək potensialı var. Dəmir yolu xətləri boyunca tikiləcək külək stansiyaları qatarlar üçün elektrik enerjisi istehsal edə bilər. Bu baxımdan ən perspektivli regionlar Abşeron yarımadası, Xəzər dənizinin sahil zolağı və onun şimal-qərb hissəsindəki adalar, Gəncə-Daşkəsən zonası və Naxçıvan Muxtar Respublikasında Şərur-Culfa zonasıdır. Bu enerji növü xərc, ətraf mühitə uyğunluq və tükənməzlik baxımından istifadə etmək üçün ən sərfəlisidir. Bununla yanaşı, külək turbinlərinin tikintisi ənənəvi elektrik stansiyalarının tikintisi ilə müqayisədə daha az vaxt tələb edir.

2022-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC ilə BƏƏ-nin “Masdar” şirkəti arasında dəmir yolu sektorunda BOEM-dən istifadə imkanlarının araşdırılması və kompleks enerji səmərəliliyi proqramının həyata keçirilməsinə yönəlmiş memorandum imzalanıb.

Öz növbəsində, hökumət artıq “Masdar” ilə ümumi gücü təxminən 10 QVt olan günəş və külək enerjisi stansiyalarının tikintisi ilə bağlı müqavilələr bağlayıb. Yeri gəlmişkən, Azərbaycanda ilk sənaye miqyaslı günəş elektrik stansiyası - Xəzər regionunda və MDB məkanında ən böyük hesab edilən “Qaradağ” günəş elektrik stansiyası (230 MVt gücündə) məhz “Masdar” tərəfindən tikilib. Onun açılışı 2023-cü ilin oktyabrında baş tutub.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən - Qarabağ və Şərqi Zəngəzurdan, o cümlədən Naxçıvandan keçən dəmir yolu infrastrukturu da BOEM hesabına “qidalanacaq”, çünki o bölgələr “yaşıl” enerji zonaları elan edilib. Artıq Qarabağ və Şərqi Zəngəzur ərazisində Horadiz-Ağbənd və Bərdə-Ağdam dəmir yolu xətləri çəkilir. Onlar Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək və Türkiyə ilə yeni nəqliyyat əlaqəsi yaradacaq Zəngəzur dəhlizinin bir hissəsidir.

Yeri gəlmişkən, Qarabağda və Şərqi Zəngəzurda yeni dəmir yolu xətlərinin çəkilişi zamanı ətraf mühitin mühafizəsi məsələlərinə böyük diqqət yetirilir.

O cümlədən, Horadiz-Ağbənd xəttinin 85-ci kilometrliyində, Mincivan stansiyasının yaxınlığında meşə zolağı salınıb. Meşəyə zərər vurmamaq şərti ilə və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılaraq ağaclar “yer dəyişdirib”, yəni ətraf mühitə dəyən ziyan minimuma endirilib.

Ümumiyyətlə, dəmir yolu xətləti boyunca xəttin hər iki tərəfində kütləvi şəkildə ağaclar əkilir. O cümlədən, Bərdə-Ağdam xətti layihəsi çərçivəsində Eldar şamı və sərv ağacları əkilib. Bu, təkcə ətraf mühit üçün yaxşı hal deyil, həm də nəzərə alınmalıdır ki, ağaclar səsboğucu maneə rolunu oynayır. Bütün icraçıların (podratçıların) qarşısına ərazinin yaşıllaşdırılması şərt kimi qoyulub. Ağacların zədələnməsinin qarşısını almaq və onlara uyğun suvarma sistemini təmin etmək üçün onları işlərin sonunda əkirlər.

Hər vatt hesabdadır

Beləliklə, Azərbaycan dəmir yolları mahir maestro kimi polad lokomotivlərin gurultusunu ekologiyanın dilinə çevirərək dəyişiklik melodiyasına dirijorluq edir.

Milli “yaşıl” inkişaf prioritetlərinə uyğun olaraq, “Azərbaycan Dəmir Yolları” QSC BOEM-ə arxalanaraq tarixə yeni səhifə yazır. “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin əsas bölmələrində dəyişən cərəyana keçid təkcə modernləşdirmə deyil, həm də enerji səmərəliliyinin artırılması üçün tədbirdir. Yeni dartı yarımstansiyaları elektrik enerjisinə 30 %-ə qədər qənaət edəcək.

Ancaq bu, yalnız uvertüradır. Artıq Biləcəri və Gəncə lokomotiv depolarında günəşin akkordları səslənir. Dəyişən cərəyanla işləyən lokomotivlərin texniki baxışı və təmiri məqsədilə Biləcəri lokomotiv deposunda 66 kVt gücündə 147 günəş batareyası, həmçinin isitmə üçün 160 günəş batareyası quraşdırılıb. Gəncə lokomotiv deposunda isə 66 kVt gücündə 210 günəş paneli və isitmə üçün 140 günəş paneli quraşdırılıb.

Bundan əlavə, Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən dəstəklənən texniki yardım layihəsi çərçivəsində 2019-cu ildə elektrik enerjisinin idarə edilməsi və kommersiyalaşdırılması, enerji səmərəliliyi və bərpa olunan enerji istehsalı üzrə prioritet investisiya planları ilə bağlı təhlil aparılıb.

“Azərbaycan Dəmir Yolları” Asiya İnkişaf Bankı ilə birlikdə enerji səmərəliliyinin təmin edilməsi çərçivəsində qatarların marşrutlarını və hərəkət cədvəllərini optimallaşdırır.

Həyata keçirilən tədbirlər Azərbaycanda dəmir yolu sənayesinin karbonsuzlaşdırılması istiqamətində atılan ilk addımlardır.

Daha iddialı məqsədlərə nail olmaq üçün infrastrukturun modernləşdirilməsi, innovativ texnologiyaların tətbiqi, eləcə də idarəetmə və logistika yanaşmalarında dəyişikliklər daxil olmaqla, kompleks həllər tələb olunacaq.

Amma Azərbaycan bununla kifayətlənmir. Ölkə “yaşıl” dəmir yolları üçün innovativ həllərin hazırlanmasına sərmayə qoyur. Hidrogen yanacağı, enerjiyə qənaət edən materiallar və intellektual idarəetmə sistemləri sahələrində tədqiqatlar aparılır.

“Yaşıl” Orta Dəhliz

Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan təkbaşına hərəkət etmir. Ölkə nəqliyyat dəhlizlərinin “yaşıllaşdırılmasına” yönəlmiş regional layihələr çərçivəsində qonşu ölkələrlə fəal əməkdaşlıq edir.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi də tanınan Orta Dəhliz bu transformasiyada əsas rol oynayır. Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstandan keçən və oradan isə Türkiyə və Avropaya uzanan dəhliz Rusiyadan keçən ənənəvi marşrutlarla müqayisədə daha təmiz alternativ yaradır.

Azərbaycan BOEM-dən istifadə etməklə dəmir yollarının elektrikləşdirilməsinə fəal sərmayə qoyur. Bundan əlavə, “yaşıl” terminallar yaradılır, yəni Orta Dəhlizin əsas terminallarında enerjiyə qənaət edən texnologiyalar tətbiq edilir, ekoloji təmiz materiallardan və nəqliyyat vasitələrindən istifadə olunur.

“Yaşıl” yükdaşımalardan istifadəni stimullaşdırmaq üçün “yaşıl” texnologiyalardan istifadə edən şirkətlərə güzəştlər və üstünlüklər veriləcək. Bu, “karbon izlərini” azaltmaq istəyən və ətraf mühiti düşünən şirkətlər üçün Orta Dəhlizi daha da cəlbedici edəcək.

Azərbaycan Orta Dəhlizin “yaşıllaşdırılması”na "stavka" edərək dayanıqlı inkişafa və iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini nümayiş etdirir. “Yaşıl” Orta Dəhliz mühüm ticarət marşrutu olmaqla yanaşı, nəqliyyat sənayesinin “yaşıllaşdırılması”nda digər ölkələr üçün nümunə olacaq.

Azərbaycanın təkcə resurs potensialı yox, həm də məqsədlərinə çatmaq üçün siyasi iradəsi var. Ölkə 2030-cu ilə qədər “yaşıl” Xəzər-Aİ enerji dəhlizi və Azərbaycan-Türkiyə-Avropa dəhlizinin yaradılmasını, həmçinin şaxələndirilmiş marşrutlar vasitəsilə təxminən 5 QVt “yaşıl” elektrik enerjisinin ixracını planlaşdırır. Gələcəkdə bu dəhliz Orta Dəhlizi “yaşıl” enerji ilə təmin edən mənbələrdən birinə çevrilə bilər.

Ölkənin iqtisadi cəhətdən səmərəli və texniki cəhətdən əlçatan BOEM potensialı böyükdür və 26 940 MVt, o cümlədən külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı üzrə 380 MVt, dağ çayları potensialı üzrə isə 520 MVt olaraq qiymətləndirilir. Bu, ölkədə bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalının genişləndirilməsi ilə dəmir yolu infrastrukturunun da “yaşıllaşdırılması” prosesinin sürətlənəcəyini təsdiqləyir.

Beləliklə, “yaşıl” relslərə keçid təkcə ətraf mühit üçün deyil, həm də cəmiyyət və bütövlükdə iqtisadiyyat üçün böyük nəticələrə səbəb ola bilər. İstixana qazları emissiyasının azaldılması, havanın keyfiyyətinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, əlaqəli sənaye sahələrinin inkişafının stimullaşdırılması - bütün bunlar dəmir yolunun “yaşıllaşdırılması”nın nəticəsi ola bilər.

Azərbaycan dəmir yolunun “yaşıl” imici onun investorlar və sərnişinlər üçün cəlbediciliyini artıra, beynəlxalq nəqliyyat xidmətləri bazarında ölkənin mövqeyini gücləndirə bilər.

Bu yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsinə təqdim olunur.

Son xəbərlər

Orphus sistemi