Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları

Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları Azərbaycan coğrafi mövqeyi, strateji tranzit məntəqələri və inkişaf etmiş nəqliyyat infrastrukturu ilə regionda xüsusi rol oynayır.
İnfrastruktur
4 Yanvar , 2025 12:10
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları

Azərbaycan coğrafi mövqeyi, strateji tranzit məntəqələri və inkişaf etmiş nəqliyyat infrastrukturu ilə regionda xüsusi rol oynayır.

Azərbaycanın logistika sahəsində qədim ənənələrə malik olması, inkişaf etmiş nəqliyyat infrastrukturu onu nəqliyyat habına çevirib. Azərbaycan Qədim İpək Yolunun bərpası istiqamətində bir sıra mühüm layihələr həyata keçirir, beynəlxalq dəhlizlərin iştirakçısı olaraq prosesə töhfə verir. Ölkəmiz Şərqlə Qərb arasında qapı rolu oynamaqla yanaşı, həmçinin Şimalla Cənubu da birləşdirən mühüm tranzit mərkəzidir. Bütün bunlar Azərbaycanın strateji mövqeyə malik olduğundan xəbər verir.

“Report” Azərbaycanın son 1 ildə nəqliyyat-logistika sahəsində əldə etdiyi uğurlara, ölkəmizin tranzit imkanlarının genişlənməsi istiqamətində atılan addımlara nəzər salır, hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatının inkişafı istiqamətində mühüm layihələri diqqətə çatdırır.

Azərbaycanda dəmir yolları sahəsinin inkişafına xüsusi diqqət yetirilir

Ölkəmizin nəqliyyat sisteminin inkişaf etmiş mühüm sahələrindən biri də dəmir yollarıdır. Azərbaycan nəqliyyat sektorunun digər növlərinə olduğu kimi dəmir yolunun inkişafına da xüsusi diqqət yetirir, bu istiqamətdə beynəlxalq layihələrin təşəbbüskarı kimi çıxış edir. Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin hər ikisində iştirak edən yeganə ölkə kimi öz hesabına dəmir, avtomobil yolları və hava nəqliyyatı ilə bağlı infrastruktur layihələrinə investisiya yatırıb.

Asiya ilə Avropanı nəqliyyat baxımından birləşdirəcək “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması nəticəsində İran, Azərbaycan və Rusiyanın tranzit yükdaşıma imkanları artacaq. Cənub Şərqi Asiya ölkələrindən daşınan yüklər Hindistanın Mumbai limanına, buradan isə İranın Çabahar və Bəndər-Abbas limanlarına daxil olacaq. Bu limanlardan isə yüklər qatarla Qəzvin-Rəşt-Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu ilə ölkəmizin ərazisindən keçərək Rusiya və Avropaya daşınacaq.

Qeyd edək ki, 2023-cü ilin mayında Rusiya və İran Rəşt-Astara dəmir yolunun 162 kilometrlik hissəsinin tikintisi haqqında saziş bağlayıblar. Bu hissənin tikintisi Sankt-Peterburqdan Fars körfəzində Bender-Abbas limanına qədər bütün ərazi boyunca dəmir yolu əlaqəsini təmin edəcək. Tikinti işlərinin 2027-2028-ci illərdə başa çatması nəzərdə tutulur.

Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında təməli qoyulan “Şimal-Cənub” dəhlizinin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırda mövcud marşrutla Hindistandan Rusiyaya yüklərin çatdırılması üçün 6 həftədən artıq vaxt tələb olunursa, “Şimal-Cənub” nəqliyyat dəhlizinin tam fəaliyyətə başlaması ilə bu müddət iki dəfə azaldılacaq. Layihədə iştirak edən dövlətlər əmindirlər ki, “Şimal-Cənub” Nəqliyyat Dəhlizi böyük həcmdə gəlirlər gətirəcək. İlkin mərhələdə dəhlizin illik gəlirinin 20 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Dəhlizin tam gücü ilə fəaliyyətə başlaması gələcəkdə Azərbaycanın da tranzit gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Azərbaycan tranzit yüklərin daşınmasından ildə 2,5-3 milyard ABŞ dolları qazanacaq.

Hesablamalara görə, “Şimal-Cənub” dəhlizin yükdaşıma potensialı 2030-cu ilə qədər 14,6 milyon tondan 24,7 milyon tona qədər artacaq. Bu isə Azərbaycanın regionun ən əsas tranzit və logistik mərkəzinə çevrilməsinə böyük təkan verəcək.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC və Asiya İnkişaf Bankı (ADB) regional əlaqələrin gücləndirilməsi məqsədilə bu ilin noyabr ayında “Şimal-Cənub” dəhlizinin Azərbaycandakı əsas hissəsinin bərpa edilməsi üçün 131,5 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıb. Bu layihənin ümumi dəyəri 160,5 milyon ABŞ dolları təşkil edir ki, bunun da 29 milyon ABŞ dolları Azərbaycan hökuməti tərəfindən qarşılanır. Vəsait dəhlizin Sumqayıt-Yalama hissəsində 166 kilometrlik magistralın, o cümlədən mülki tikililərin və dəmir yolu keçidlərinin bərpasının başa çatdırılmasına yönəldiləcək.

Bundan əlavə, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bildirib ki, bu il Şimal-Cənub ilə yanaşı, həm də Cənub-Şimal istiqamətində yük daşımaları planlaşdırılıb.

ADY-nin sədri qeyd edib ki, o cümlədən Astara dəmir yolu yükləmə terminalında işlərin yekunlaşdırılması üzərində işlər görülür. Fəaliyyət planına görə, bu il artıq Astara terminalının inşası tam yekunlaşacaq və bu istiqamətdə ölkəmizin yükaşırma qabiliyyəti 4 milyon tona çatmış olacaq.

Həmçinin 2024-cü ilin dekabrın 21-də Azərbaycan və Rusiya arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaların inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş imzalanıb. Dəmiryolu infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən edən sazişin məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyini yüksəltmək və “Şimal-Cənub” dəhlizinin Qərb marşrutunun potensialını artırmaq, eləcə də, dəmiryol nəqliyyatı ilə yüklərin daşınma həcminin artmasını stimullaşdıracaq və daşıma həcmlərinin artım tempi ilə dəmiryol nəqliyyatı infrastrukturunun inkişafı arasında balansı təmin etməkdir.

Xatırladaq ki, Azərbaycandan keçən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin qərb marşrutu üzrə yük daşımaları ötən ilin 11 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 31 % artıb.

Azərbaycanın aktiv iştirak etdiyi daha bir mühüm layihə uzaq Çini Avropa İttaqı (Aİ) ilə Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə birləşdirən multimodal Orta Dəhlizdir (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) ki, bu da Azərbaycanın iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq layihədir. Bu dəhlizin əhəmiyyətini artıran məsələlərdən biri isə hazırda dünyada yaranan geosiyasi vəziyyətdir. Asiyadan Aİ bazarlarına məhsulların tədarükündə problemlərin yaranması Orta Dəhlizə olan marağı daha da artırıb. Bu baxımdan dəhlizin fəaliyyətinin gücləndirilməsi Qərb ilə Şərq arasında təbii körpü rolunu oynayan Azərbaycan üçün böyük əhəmiyyət daşıyır.

İqtisadi baxımdan səmərəli olan, siyasi cəhətdən də xüsusi əhəmiyyət kəsb edən Orta Dəhliz Avrasiya regionunda son illər ən çox müzakirə olunan mövzulardan biridir. Çinin “Bir kəmər, bir yol” layihəsinin bir parçası kimi Orta Dəhliz, həmçinin tarixi İpək yolunun ən mühüm komponentlərindən biridir. Bu səbəbdən dəhlizə Çinin də marağı olduqca yüksəkdir.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə yük daşımalarının həcmi son 4 ildə beş dəfə artıb. Bu dəhliz vasitəsilə daşımaların həcmi qeyd edilən dövrdə 800 min tondan 4,1 milyon tona çatıb. Bu müddət ərzində yüklərin çatdırılma müddəti 58-60 gündən 13-15 günə qədər azalıb.

Dünyanın ən iri 100 layihəsindən biri sayılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu da TBNM-in mühüm hissəsidir. Artıq 7 ildən çox müddətdir istifadəyə verilən, “Şərq-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm hissəsi kimi BTQ qitələrarası daşımalar üçün geniş imkanlar açıb. Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut olan bu dəmir yolunun əhəmiyyəti indi də artmaqdadır. Bu istiqamətdə 2024-cü ilin may ayında BTQ-nin Gürcüstandan keçən 184 kilometrlik hissəsinin təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri tamamlanıb. Görülmüş işlər nəticəsində bu dəmir yolu xəttinin illik yükdaşıma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb.

BTQ-nin yaratdığı əlverişli şərait bir çox ölkələri, xüsusilə Şərq ölkələrinin diqqətini cəlb edib. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox azaltmağa imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Qazaxıstanın strateji hədəfi 2030-cu ilə qədər Orta Dəhlizin ötürücülük qabiliyyətini 10 milyon tona çatdırmaqdır. Bu səyləri asanlaşdırmaq üçün adıçəkilən ölkə 2027-ci ilə qədər “dar keçidləri” aradan qaldırmaq və Orta Dəhlizi inkişaf etdirmək üçün Azərbaycan, Gürcüstan və Türkiyə ilə yol xəritələri imzalayıb.

44 günlük Vətən müharibəsində əldə olunan qələbə tək xalqın sevinci, ölkəmizin siyasi arenada artan nüfuzunu daha da möhkəmləndirməklə qalmadı, eyni zamanda yeni iqtisadi reallıqlar da yaratdı. Bu reallıqlardan biri də Zəngəzur dəhlizidir. Bu dəhliz vasitəsilə Azərbaycandan Türkiyəyə daşınan yükləri qısa müddətdə Avropa və Yaxın Şərq ölkələrinə çatdırmaq imkanı yaranacaq, Zəngəzur dəhlizi ölkəmizin tranzit imkanlarını daha da genişləndirəcək.

İşğaldan azad edilən ərazilərdə dəmir yolu infrastrukturunun yenidən qurulması və təzə xətlərin çəkilməsi işləri həyata keçirilir. Hazırda Bərdə-Ağdam dəmir yolu xəttinin inşası tamamlanıb. Ağdam avtovağzalı və dəmir yolu vağzalı kompleksinin inşasının ikinci mərhələsi həyata keçirilir. Növbəti aylara qədər kompleksin tamamlanması gözlənilir. Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi üzrə işlərin isə 60 %-i tamamlanıb. Yol üzərindəki tunellərin biri artıq tam hazırdır, ikinci tuneldə isə qazıntı işləri aparılıb. Horadiz-Ağbənd dəmir yolu xətti ilə bağlı bütün layihə işləri bitib və tikinti davam etdirilir.

Dəniz nəqliyyatı sahəsində yeni gəmilərin tikintisi üçün işlər görülür

Beynəlxalq iqtisadi əlaqələri dəniz nəqliyyatının iştirakı olmadan təsəvvür etmək mümkün deyildir. Dəniz nəqliyyatı vahid nəqliyyat sistemində digər nəqliyyat növləri ilə müqayisədə ən ucuz nəqliyyat növüdür.

Dəniz ticarəti imkanlarından faydalanmaq üçün bir sıra dünya ölkələrində liman qovşağının yaradılmasına investisiya qoyulur. 2018-ci ildən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib. Azərbaycanda və ölkə xaricində liman əməliyyatları ilə yanaşı, gəmilərin müasirliyi və yükgötürmə qabiliyyətinin yüksək olması vacib məsələlərdən biridir.

Hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir.

Nəqliyyat donanmamızın tərkibində 50-dən çox gəmi, o cümlədən 20 tanker, 13 gəmi-bərə, 15 universal quru yük gəmisi, 2 Ro-Ro və 2 Ro-Pax tipli gəmi var. İxtisaslaşdırılmış donanma isə 200-dən çox gəmidən ibarətdir.

Azərbaycanda Xəzər dənizi ilə yükdaşımaların sürətləndirilməsi və yüklərin həcminin artırılması məqsədilə gəmilər mütəmadi təmir edilir, donanmamız yeni gəmilərlə təchiz olunur.

ASCO sıfır emissiya hədəfinə çatmaq üçün Strategiya və Tədbirlər Planına əsasən I mərhələdə (2024-2027) ümumi dedveyti 26 min 595 ton olan 65 ədəd köhnəlmiş və istismarı effektiv olmayan gəminin donanmadan çıxarılması nəzərdə tutulur.

Əvvəlki illərdə sifariş olunan keçid layihələr də nəzərə alınmaqla, hazırda Bakı Gəmiqayırma Zavodunda (BGZ) ASCO-nun sifarişinə əsasən ümumi müqavilə dəyəri 260,2 milyon ABŞ dolları olan 11 gəminin tikintisi həyata keçirilir.

Dünyada baş verən proseslər səbəbindən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rolu artıb. Avrasiya məkanında mühüm geostrateji mövqedə yerləşən, zəngin iqtisadi və ticari əlaqələri olan Azərbaycan Bakı Limanı açılandan sonra dəniz nəqliyyatının inkişafının yeni, müasir mərhələsinə qədəm qoyub. “Bir kəmər, bir yol” meqalayihənin əsas qollarından olan Bakı Limanı dünya ticarətinin və ölkələr arasında qarşılıqlı münasibətlərin inkişafına çox böyük təsir göstərəcək. Bakı Limanı üzərindən artan yük həcmlərinin qəbulu və ötürülməsi prosesini daha rahat həyata keçirmək üçün ikinci fazanın tikintisi ilə bağlı işlər görülür. Nəticədə Bakı Limanından ildə 25 milyon tona qədər yük aşırılacaq, 500 min TEU konteyner keçə biləcək.

Avtomobil nəqliyyatı ilə yüklərin sürətli daşınması infrastrukturu inkişaf etdirilir

Dünya ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsi və inteqrativ proseslərin sürətlənməsi nəqliyyat sisteminin hər bir ölkənin milli iqtisadiyyatının əsas sütunlarından olduğunu təsdiqləmişdir. Nəqliyyat xidmətlərinin sosial-iqtisadi mahiyyətini aydınlaşdıran tədqiqatçılar bu sistemin geniş təkrar istehsalın mühüm şərti olduğunu çoxdan sübut ediblər.

Ötən illər ərzində Azərbaycanda nəzərdə tutulan bütün infrastruktur layihələri, sosial proqramlar yüksək səviyyədə reallaşdırılıb, o cümlədən sosial infrastrukturun mühüm sahələrindən sayılan yol təsərrüfatının yenidən qurulması, yeni yolların salınması, mövcud yolların isə əsaslı şəkildə təmiri ilə bağlı layihələr davam etdirilib. Yüklərin sürətli daşınması üçün yollar yenidən qurulması ilə yanaşı “icazə” blanklarının verilməsi asanlaşdırılır, elektron tərəzilərin sayı artırılır, gömrük-keçid məntəqələrində əlverişli şərait yaradılır.

2021-ci ildən bugünədək ölkə üzrə 2700 km-dən çox avtomobil yolları yenidən qurulub və təmir olunub. Bunun yarısından çoxu - 1430 km yerli əhəmiyyətli yollardır.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən icra edilən layihələrin sayı 44, ümumi uzunluğu isə 3 040,1 km təşkil edir.

Bundan başqa Agentlik tərəfindən 6 şəhərin (Şuşa, Füzulu, Qubadlı, Zəngilan, Kəlbəcər və Cəbrayıl) daxili yollarının, həmçinin 7 kəndə gedən avtomobil yollarının tikintisi davam etdirilir.

Qeyd edək ki, AAYDA tərəfindən 107,3 min əhalinin yaşadığı 71 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 252 km olan 12 kəndlərarası avtomobil yollarının yenidən qurulması başa çatdırılıb. Bakı şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) keçirilməsi ilə əlaqədar paytaxtımızın ilk növbədə təmiri tələb olunan 10 kilometr uzunluğa malik 8 Noyabr prospekti daxil olmaqla 31 ünvanda əsaslı təmiri işləri aparılıb. Ümumilikdə, 2024-cü ildə ölkə ərazisində 382,7 kilometr uzunluğunda avtomobil yolları, prospekt və küçələr yenidən qurulub və təmir olunub.

Bakı hava limanı yükdaşımalarının və yük terminalının buraxılış gücünə görə regionda liderdir

Nəqliyyat sisteminin mühüm sahələrindən biri də hava nəqliyyatıdır. Son illər ərzində respublikada 9 aeroport tikilib və ya yenidən qurulub. Hazırda Azərbaycanda səkkiz beynəlxalq (Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala, Füzuli, Zəngilan) və bir yerli (Yevlax) əhəmiyyətli aeroport mövcuddur. Azad olunmuş ərazilərdə daha bir beynəlxalq olmaqla Laçın aeroportun istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edilməlidir ki, Azərbaycanda yükdaşımalarda hava nəqliyyatının da payı var. Heydər Əliyev Beynəlxalq Aeroportu yükdaşımalarının və yük terminalının buraxılış gücünə görə regionun ən böyük aeroportudur.

Hazırda sərnişinlərin Bakıdan 38 aviaşirkət vasitəsilə Yunanıstan, İsveçrə, İspaniya, Avstriya və digər yeni istiqamətlər daxil olmaqla dünyanın 68 şəhərinə səyahət etmək imkanı var. Ötən il Bakı hava limanına uçuşlar həyata keçirən aviadaşıyıcıların sırasına “WizzAir Malta”, “IndiGo”, “Georgian Wings” və “Aegean Airlines” əlavə olunub. Beləliklə, sərnişinlərə “China Southern”, “AirBaltic”, “Flyadeal”, “Air Cairo” və “Iraqi Airways” kimi aviaşirkətlər ilə yenilənmiş tərəfdaşlıqlar, həmçinin “WizzAir”, “WizzAir Abu Dhabi” və LOT ilə artan tezliklər daxil olmaqla, yeni və unikal istiqamətlər təklif edilib.

İlin yekununda Azərbaycanın hava nəqliyyatında bütün xalqı sarsıdan, kədərli bir hal da yaşandı. Belə ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi etdi. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Aparılan araşdırmaların ilkin nəticələrinə görə, Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2024-ci il 25 dekabr tarixli Sərəncamına əsasən, Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edildi.

Azərbaycan dayanıqlı nəqliyyat sistemi qurmaqda maraqlıdır

2024-cü il, eyni zamanda Azərbaycan üçün mühüm, beynəlxalq bir tədbirlə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə yadda qaldı.

Tədbirdə müzakirə edilən əsas mövzulardan biri də dayanıqlı, “yaşıl nəqliyyat” sisteminin yaradılması, bu sistemə inteqrasiya ilə bağlı idi. Azərbaycan da dayanıqlı nəqliyyat sistemi qurmaqda qətiyyətlidir.

Azərbaycanın Milli Müəyyən Edilmiş Töhfələr (NDC) çərçivəsində "yaşıl nəqliyyat" siyasətlərinin planlaşdırılması və tətbiqi üçün praktik yollar müəyyən edilib. Emissiyaların azaldılması və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi üçün bu çox əhəmiyyətlidir.

Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizədə öhdəlikləri sırasında 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 % azaldılması var və bu məqsədlə Bakı şəhəri üçün Mobillik Transformasiya Proqramı hazırlanıb.

Bu proqram çərçivəsində hər bir aktiv mobil vətəndaş üçün iqlim və yol hərəkəti ilə bağlı emissiyaların 2030-cu ilə qədər 0,6 metrik ton CO2 səviyyəsinə qədər azaldılması planlaşdırılır.

Mikromobillik üçün 100 kilometr uzunluğunda infrastrukturun yaradılması nəzərdə tutulur və artıq bunun 30 kilometrdən çoxu istifadəyə verilib. İctimai nəqliyyatın əhatə dairəsinin əhalinin 90 %-nə çatdırılması əsas prioritetlərdəndir.

Elektrik avtobus parkının genişləndirilməsi istiqamətində də əhəmiyyətli addımlar atılıb. Son dövrdə parka 160 elektrik avtobusu əlavə edilib və 2030-cu ilə qədər bütün avtobusların elektrikləşdirilməsi hədəflənir.

Beləliklə, Azərbaycan inkişaf etmiş nəqliyyat infrastrukturu və strateji mövqeyi ilə qlobal ticarət və logistik marşrutlarında əsas əlaqələndirici həlqəyə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və “Şimal-Cənub” dəhlizi kimi iri layihələr ölkənin tranzit potensialını artırmaqla yanaşı, regional iqtisadi inteqrasiyanı da təşviq edir. Bu layihələr Azərbaycanın tranzit gəlirlərini artıraraq, ölkəni beynəlxalq logistik mərkəzə çevirməyə imkan yaradır və gələcək üçün geniş inkişaf perspektivləri açır.

Son xəbərlər

Orphus sistemi