“Rusiya Dəmir Yolları” ASC-nin icraçı direktoru Mixail Pavlov İranın Rusiyadakı səfiri Kazem Cəlali ilə görüşüb. Görüşdə Şimal-Cənub Nəqliyyat Dəhlizinin tam reallaşmasının sürətləndirməyin yollarını müzakirə ediblər.
“Report” İran KİV-lərinə istinadən xəbər verir ki, tərəflər bildiriblər ki, Azərbaycan, İran və Rusiya arasında olan Şimal-Cənub Nəqliyyat Dəhlizinin inşasındakı maneələri aradan qaldırılmasında maraqlıdırlar.
Tərəflər dəmir yolu layihəsinin iqtisadi əhəmiyyətini vurğulayaraq, İranda dəmir yolu ilə bağlı problem həll olunana qədər malların daşınması üçün dəmir yolunu əvəz edən başqa nəqliyyat növündən istifadə edilməli olduğunu söyləyiblər.
Şimal-Cənub Nəqliyyat Dəhlizinin tam hazır olması üçün İran, Gilan vilayətinin şimalındakı Rəşt və Astara şəhərləri arasında 170 kilometrlik dəmir yolunu tamamlamalıdır.
İran səfiri bildirib ki, İran və Rusiya arasında güclü dəmir yolu infrastrukturu mövcuddur: “Hər iki tərəf beynəlxalq layihənin icrasını sürətləndirmək üçün davamlı müzakirələr aparır”.
M.Pavlov, öz növbəsində, İran ilə əlaqələrin və əməkdaşlığın genişləndirilməsinə əhəmiyyət verərək, iki tərəfin İranın tranzit potensialının artırılması və Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi kimi çox əhəmiyyətli məsələləri müzakirə etdiklərini bildirib.
Xatırladaq ki, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi Hindistan, İran, Əfqanıstan, Azərbaycan, Rusiya, Ermənistan, Orta Asiya və Avropa arasında yüklərin daşınması üçün 7 200 km uzunluğundakı multimodal gəmi, dəmir yolu və avtomobil yolları şəbəkəsidir.
Şimal-Cənub Nəqliyyat Dəhlizi Şimali Avropanı Azərbaycan, Rusiya, İran üzərindən Şərqi Asiya ilə birləşdirəcək. İlkin mərhələdə dəhlizdən illik 5 milyon ton yükün daşınması gözlənilir.
"Şimal-Cənub" nəqliyyat dəhlizi haqqında razılaşmanın birinci aktı 12 sentyabr 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə razılaşmanı bütovlükdə 13 ölkə imzalayıb və müvafiq olaraq ratifikasiya edib.