Bakı. 19 noyabr. REPORT.AZ/ "Şimal-Cənub" layihəsinin həyata keçirilməsi Rusiya taxılının İran və Xəzər regionunun digər ölkələrinə çatdırılması üçün tələb olunan zamanı demək olar, üç dəfə - 16 gündən 5-6 günə qədər azaldacaq.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Rustranskom" MMC-nin korporativ rabitə üzrə vitse-prezidenti Oleq Roqaçyov Soçidə keçirilən II Dünya Taxıl Forumunda bildirib.
"Şimal-Cənub" layihəsinin həyata keçirilməsi halında kifayət qədər zamana qənaət etmiş olacağıq. Dəmir yolu xətləri bizə daha az müddətə yük daşınmasını həyata keçirmək imkanı verəcək. Bu yolla 5-6 sutkaya Azərbaycan ərazisindən keçməklə İran ərazisinə çata bilərik", - deyə o vurğulayıb.
O.Roqaçyovun çıxışı zamanı slaydlarda təqdim olunan məlumata görə, bu gün Rusiya taxılının Xəzər dənizi vasitəsilə İrana tədarükü 16 sutka, Azov - Qara dəniz hövzəsindən keçməklə isə 30-36 sutka təşkil edir. Hazırda orta hesabla 8 sutkaya başa gələn Azərbaycana daşımalar isə 3-4 sutkaya mümkün olacaq.