Bakı. 7 may. REPORT.AZ/ Azərbaycanın "Silk way" aviaşirkəti ilə Ukraynanın "Antonov" dövlət müəssisəsi arasında 10 ədəd "An-178" tipli orta tutumlu nəqliyyat təyyarəsinin alınması barədə müqavilə imzalanıb.
"Report" xəbər verir ki, sənədə "Silk way" aviaşirkətinin prezidenti Zaur Axundov və "Antonov" dövlət müəssisəsinin prezidenti və baş konstruktoru Dmitri Kiva imza atıb.
Müqavilənin imzalanmasından sonra Zaur Axundova "An-178" təyyarəsinin maketi hədiyyə olunub. Qeyd edilib ki, bu müəssisənin sözügedən təyyarələrin satışına dair imzaladığı ilk sənəddir.
İmzalanma mərasimindən əvvəl Ukrayna istehsalı olan "An-178" təyyarəsinin ilk sınaq uçuşu həyata keçirilib. Sınaq uğurla başa çatıb.



