Son bir neçə il ərzində dayanmadan inkişaf edən Silk Way Group şirkətlər qrupu təyyarələrin texniki xidməti sahəsində kadr çatışmazlığını yaşayıb. Nəticədə "Silk Way Group" Milli Aviasiya Akademiyası ilə birlikdə hava gəmilərinin texniki xidməti mütəxəssisləri üçün təlim kurslarının təşkil edilməsi təşəbbüsü ilə çıxış edib. Qeyd etmək lazımdır ki, ixtisaslı texniki xidmət işçilərinin fəaliyyəti hər növ təyyarələrin uçuşa yararlılığını qorumaq prosesində olduqca mühüm əhəmiyyət daşıyır və uçuşların təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır.
Milli Aviasiya Akademiyası (MAA) Azərbaycanda aviasiya sahəsində ali, əlavə və peşə-ixtisas təhsil proqramlarını həyata keçirən yeganə ali təhsil müəssisəsidir. Silk Way Group ilə uzunmüddətli sıx əməkdaşlıq tarixçəsi olan MAA keçən ilin sonunda təyyarələrin texniki xidməti üzrə mütəxəssislərin təlim kurslarını yaratmaq ideyasını dəstəkləyib. 2019-cu ilin payızında mülki aviasiya sahəsində işləmək istəyi olan, orta və ya ali təhsilli və İngilis dilini yaxşı bilən namizədlərin kurslara qəbulu elan edilib.
Qeyd etmək lazımdır ki, bu kurslara tələbə seçimi prosesində Milli Aviasiya Akademiyasının müəllimləri ilə yanaşı Silk Way Group, həmçinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin aparıcı mütəxəssisləri də iştirak edib.
Hal-hazırda COVID-19 pandemiyası zamanı kurslarda Azərbaycan Respublikası Təhsil Nazirliyinin tövsiyə etdiyi Microsoft Teams distant təhsil proqramının vasitəsilə onlayn şəkildə davam etdirilir. Kursların ümumi keçirilmə müddəti 21 ay təşkil edir, beləliklə, mütəxəssislərin ilk buraxılışının həyata keçirməsi 2021-ci ilin axırında planlaşdırılıb.
İmtahanlardan uğurla keçən məzunlar kursları bitirdikdən sonra həm Azərbaycan Respublikasının Aviasiya Qaydalarının, həm də Beynəlxalq Aviasiya Qaydalarının tələblərinə cavab verən təhsil təşkilatının sertifikatlarını alacaqlar. Onu da qeyd edək ki, kursları bitirdikdən və imtahanlardan uğurla keçdikdən sonra sertifikatlı mütəxəssislər Silk Way Group şirkətlər qrupunun bir sıra vəzifələrinə namizəd kimi seçilə bilər.
“Tələbatı durmadan artan aviasiya texnikası sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün bizim təşəbbüsümüzlə yaradılmış bu kursların etibarlı bir platformaya çevrilməsinə əminəm. Ümid edirəm ki, bu layihə gələcəkdə də uğurla davam etdiriləcək“ - Silk Way Technics şirkətinin baş direktoru Emin Səfərov qeyd edib.
Xatırladaq ki, dinamik şəkildə inkişaf edən Silk Way Group Azərbaycan iqtisadiyyatında qabaqcıl yerlərdən birini tutur. 14 iyul 2006-cı ildə hava yük daşımalarının həyata keçirilməsi ilə məşğul olan şirkətlərin idarə edilməsi məqsədilə yaradılmış şirkətlər qrupu Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində yerləşir. Haı-hazırda Silk Way Group yük daşımalarının icrası və təyyarələrin uçuş qabiliyyətini təmin edən üç şirkətdən ibarətdir: Silk Way Airlines, Silk Way West və Silk Way Technics.
Silk Way Technics şirkəti 2006-cı ildə qurulub, hava gəmilərinin istismarı və təmiri ilə məşğuldur. Şirkət müasir avadanlıqla təchiz olunmuş, bölgədəki ən böyük anqara və Airbus, Boeing, Embraer, Gulfstream, ATR kimi təyyarələrə texniki xidmət üzrə beynəlxalq standartlara uyğunluq sertifikatlarına sahibdir. Qeyd edək ki, Silk Way Technics şirkətinin yüksək ixtisaslı heyəti təkcə Silk Way Group və Azərbaycan Hava Yollarının (AZAL) təyyarələrinə deyil, həm də MDB ölkələri, Avropa və Yaxın Şərqdən olan digər aviaşirkətlərin təyyarələrinə də xidmət göstərir.