S&P: 2050-ci ilə qədər ekoloji aviayanacağın töhfəsi qlobal həcmin 36 %-nə qədər artacaq

S&P: 2050-ci ilə qədər ekoloji aviayanacağın töhfəsi qlobal həcmin 36 %-nə qədər artacaq Aviadaşımalara tələbat illik 3,4 % artım tempi ilə 2040-cı ilə qədər pandemiyadan əvvəlki dövr (2019-cu ilin səviyyəsi) ilə müqayisədə iki dəfə artıracaq.
İnfrastruktur
8 Avqust , 2024 15:48
S&P: 2050-ci ilə qədər ekoloji aviayanacağın töhfəsi qlobal həcmin 36 %-nə qədər artacaq

Aviadaşımalara tələbat illik 3,4 % artım tempi ilə 2040-cı ilə qədər pandemiyadan əvvəlki dövr (2019-cu ilin səviyyəsi) ilə müqayisədə iki dəfə artacaq.

“Report” xəbər verir ki, bu, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) proqnozudur.

IATA-nın məlumatına görə, Asiya-Sakit Okean regionu regionlar arasında artım baxımından lider olacaq. Avropa və Şimali Amerika bazarlarında tələb artımı daha yavaş olacaq və ildə müvafiq olaraq 2,3 % və 2,7 % olacaq.

Lakin sərnişinlərin sayı ilə aviayanacağa tələbat arasındakı fərq dayanıqlı aviayanacağın aşağı bazadan sürət yığaraq artması ilə yalnız böyüyəcək.

“S&P Global Commodity Insights” qeyd edir ki, təyyarə yanacağının qarşıdakı illərdə bir barel emal edilmiş neftin ən dayanıqlı hissəsi olaraq qalacağı gözlənilsə də, SAF (ekoloji aviasiya yanacağı) aviasiya sektorunun karbonsuzlaşdırılmasında və adi aviayanacağın sıxışdırılıb çıxarılmasında mühüm rol oynayacaq.

Qeyri-bərabər texnoloji tərəqqi, siyasi dəstək və bazar dinamikası səbəbindən SAF-ın təsir tempi ilə bağlı qeyri-müəyyənliyə baxmayaraq, “Commodity Insights” hesab edir ki, aviayanacaq istehsalı 2035-ci ildə pik nöqtəyə çatacaq - təxminən 7,8 milyon barel səviyyəsində olacaq və bu zaman SAF qlobal aviasiya yanacağının təxminən 11 %-ni təşkil edəcək. “Commodity Insights”a görə, SAF-ın töhfəsi sonradan 2050-ci ilə qədər qlobal aviasiya yanacağının 36 %-nə qədər kəskin yüksələ bilər.

Pandemiyadan sonra aviayanacağa tələbatın bərpası güclü olub, lakin perspektiv həm karbonsuzlaşma tempindən, həm də aviadaşımalara tələbatdan asılıdır. Qısamüddətli tələb sabitləşsə də, siyasətə əsaslanan alternativ yanacaq növlərinin və digər dayanıqlı texnologiyaların uzunmüddətli uğurlu qəbulu tələbin formalaşmasında həmişəkindən daha mühüm rol oynayır.

“Növbəti onilliklərdə aviadaşımalara tələbatın əhəmiyyətli dərəcədə artacağı gözlənilsə də, daha sərfəli texnologiyaların tətbiqi və istismarla bağlı təkmilləşdirmələr aviayanacaq istehlakına təsirin azaldılmasına kömək edəcək.

2020-ci ildən bəri orta statistik təyyarələr də yanacaq sərfiyyatında daha qənaətcil olublar, çünki qlobal aviaparka yeni nəsil modellər – “Airbus A320neo” və “Boeing 737 MAX” kimi təyyarələr daxil olur ki, onlar köhnə modellərlə müqayisədə 30 % daha az yanacaq sərf edirlər

Səmərəliliyin artırılması hələ qarşıdadır. “Airbus” artıq “A320neo”nu təkmilləşdirməyi düşünür ki, bu da yanacaq səmərəliliyini daha 20-25 % artıracaq”, - S&P-nin araşdırmasında deyilir.

Araşdırma müəlliflərinin fikrincə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Beynəlxalq Aviasiya üçün Karbonun Əvəzlənməsi və Azaldılması Sxemi (CORSIA) kimi karbon emissiyalarının azaldılmasına yönəlmiş tənzimləyici tədbirlər də aviaşirkətləri daha qənaətcil texnologiyalar və alternativ yanacaq növləri tətbiq etməyə təşviq edəcək.

Xatırladaq ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) “Boeing” və “Airbus” şirkətlərindən 20-dən çox yeni nəsil təyyarə almağı planlaşdırır. İmzalanan müqavilələr çərçivəsində “Boeing 787 Dreamliner” və yeni nəsil “Airbus A320neo” təyyarələri alınacaq. 2023-cü ilin əvvəlindən AZAL artıq üç yeni “Airbus A320neo” ilə reyslər həyata keçirir. Bu orta məsafəli sərnişin təyyarələri özlərini yaxşı tərəfdən sübut edib və məşhur “Airbus A320” təyyarəsinin təkmilləşdirilmiş – yeni nəsil mühərrikləri, təkmilləşdirilmiş bort sistemləri və daha böyük qanad ucları olan versiyasıdır. Aviaparkın “Boeing 787 Dreamliner” təyyarələri ilə zənginləşdirilməsi isə AZAL-ın uzun məsafəli marşrutlar üzrə uçuşlarının coğrafiyasını genişləndirməyə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi