Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.
“Report” xəbər verir ki, bu, “Torpaq icarəsi haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklərdə bağlı qanun layihəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.
Gələcəkdə torpaq islahatının predmeti ola biləcək və dövlət mülkiyyətində saxlanılacaq torpaqların həcminin müyyən edilməsi, habelə müvafiq yaşayış məntəqələri salındıqca onların inzibati ərazi sərhədləri daxilində torpaqların səmərəli bölüşdürülməsi və infrastruktura (suvarma, meliorasiya, elektrik və s.) gətirilməsi planlaşdırılır. Bundan sonrakı mərhələdə isə əlverişli və şəffaf sahibkarlıq mühitinin yaradılması məqsədilə torpaqlara investorların cəlb olunması, habelə torpaqların kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrində məskunlaşmış sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.
Bundan başqa, qanun layihəsinə əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın aqrar təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.
Qanun layihəsinin bu müddəalarının icra mexanizmi onun qəbulundan sonra səlahiyyətli dövlət orqanı tərəfindən təsdiq olunacaq qaydalarla müəyyən ediləcək.
Qanun layihəsinin qəbulu ilə kənd təsərrüfatı təyinatlı torpaqlardan və su resurslarından səmərəli istifadə edilməklə regionda kənd təsərrüfatının inkişafına töhfə veriləcək, azad rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, bölgədə dayanıqlı məskunlaşmanın təmin edilməsi və məşğulluğun yaradılması dəstəklənəcək.