Bakı. 15 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncamla Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 9,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Sərəncamda qeyd olunub ki, son illərdə yağan aramsız yağıntılar nəticəsində uzunluğu 55 km olan Lənkəran-Lerik avtomobil yolunda çoxsaylı sürüşmə və uçqunlar baş verib, yolun bəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti üçün real təhlükə yaranıb. Baş vermiş təbiət hadisələrinin yaratdığı fəsadları aradan qaldırmaq, avtomobil yolunun dayanıqlığını, yük və sərnişin daşınmasının təhlükəsizliyini gücləndirmək məqsədi ilə avtomobil yolunun yenidən qurulması zərurəti yaranıb.