"Biz bu illər ərzində böyük, nəhəng layihələri icra etdik. Bu layihələr bizə imkan verdi ki, biz iqtisadi inkişaf baxımından dünyada qabaqcıl yerlərdəyik. İqtisadi inkişafın templərinə görə son 17 il ərzində Azərbaycan dünya miqyasında birinci yerdədir".
“Report” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə xalqa təbrikində deyib.
Dövlət başçısı bildirib:
"Eyni zamanda, biz öz siyasətimizlə Ermənistanı zəiflətməli idik və bunu gizlətmirdik. Mən bunu təkcə bu gün demirəm, 10 il bundan əvvəl demişdim, nə qədər ki, torpaqlarımız işğal altındadır, biz Ermənistanı bütün layihələrdən, bütün regional təşəbbüslərdən məhrum edəcəyik, onları təcrid edəcəyik və bunu etdik. Baxın indi Avrasiyanın enerji, nəqliyyat, kommunikasiya xəritələrinə, ölkələri birləşdirən bütün o yollar, ölkələr üçün böyük fayda gətirən layihələr Ermənistandan yan keçib. Kim bunu edib? Biz, təzyiqlərə baxmayaraq.
Mən bir dəfə demişəm, bir daha demək istəyirəm ki, hətta Bakı-Ceyhan neft kəmərinin çəkilişi ilə bağlı bizə qarşı əsassız ittihamlar irəli sürülürdü. Sanki biz təbiəti burada çirkləndiririk, ekoloji tarazlığa ziyan vururuq. Nə üçün? Çünki bu layihəni dayandırmaq, yaxud da ki, bu layihəni Ermənistan ərazisindən həyata keçirmək üçün. O təqdirdə bizim əl-qolumuz bağlı olacaqdı, bizim bütün neft və ondan sonra qaz ixracımız Ermənistanın əlində olacaqdı. Mən buna razı ola bilərdim? Əlbəttə ki, yox! Ona görə də təzyiqlərə məruz qalırdım. Bəzi ölkələrin istəklərini yerə vururdum. Çünki bu istəklər bizim milli maraqlarımıza zidd idi və 44 gün davam edən müharibə göstərdi kim kimdir, kim kimin dostudur. Azərbaycan xalqı bunu yaxşı görür və bilir. Mən isə bunu çoxdan bilirdim. Ona görə, bütün şər-böhtana, bütün təzyiqlərə, bütün təhdidlərə hazır idim. Bir amalım var idi - güclü dövlət yaratmaq, torpaqlarımızı işğaldan azad etmək, ədaləti bərpa etmək!"