Avropa İttifaqının (Aİ) 2026-cı ildən sərhəddə tətbiq edəcəyi karbon ticarət sistemi “təmiz dəhliz” vasitəsilə daşınan yüklərə şamil edilməyəcək.
Bunu “Report”a açıqlamasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov bildirib.
"Yəni karbon vergisi təchizat zəncirinin "təmiz" olub-olmamasına uyğun müəyyən ediləcək. Bu mənada Aİ yüklərin hansı yolla daşındığını, ətraf mühitə zərər vurub-vurmamasını nəzərə alacaq. Əlbəttə ki, bu tələbləri yerinə yetirmək uzun prosesdir. Ölkələr ilk növbədə təchizat zəncirini “yaşıllaşdırmalı”dır: Çindən Avropaya qədər. Üstəlik, təkcə bir ölkənin bu sahəni “yaşıllaşdırması” kifayət etmir. Dəhlizdə iştirakçı dövlətlərin hər biri bunu həyata keçirməlidir”, - T. Ziyadov deyib.
Onun sözlərinə görə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 2016-cı ildən “yaşıl layihələr” üzrə Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir: "Məqsədimiz Orta Dəhlizin “yaşıllaşdırılması”dır. Yeri gəlmişkən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 2019-ci ildə Xəzər regionunda ilk “yaşıl liman” statusunu alıb. Odur ki, Orta Dəhliz boyu digər limanların, bu marşrutdan keçən nəqliyyat vasitələrinin də “yaşıl" olmasını istəyirik”.
Qeyd edək ki, Bakı Limanı regionda ilk dəfə olaraq Avropa Dəniz Limanları Assosiasiyası tərəfindən “yaşıl liman" sertifikatına layiq görülüb, 2035-ci ilədəksə sıfır emissiya üzrə məqsədlərə nail olmağı hədəfləyir.
Xatırladaq ki, Avropa İttifaqına üzv dövlətlər üçüncü ölkələrdən idxal olunan bəzi məhsullara sərhəddə karbon vergisi tətbiq etmək barədə razılığa gəliblər. Belə ki, üçüncü ölkələrdən Aİ-yə idxal edilən sement, alüminium, gübrə, elektrik enerjisi, dəmir və polad kimi məhsullara karbon vergisi tətbiq olunacaq. Bu qaydalar dəyəri 150 avrodan aşağı olan mallara şamil edilməyəcək.
Hazırda Azərbaycanda karbon emissiyası ilə bağlı ayrıca vergilər və ya emissiya ticarət sistemi mövcud deyil. Lakin sərhəddə karbon vergisinin tətbiq edilməməsi investorları və ya sahibkarlara vergi öhdəliklərindən azad etmir, dünya ticarət sisteminin qaydalarına uyğunlaşmaq üçün könüllü şəkildə karbon emissiyasını azaldan texnologiyalarının tətbiqinə başlanılmalıdır.