Orta Dəhlizin infrastruktur imkanlarının genişləndirilməsinin yolları açıqlanıb

Orta Dəhlizin infrastruktur imkanlarının genişləndirilməsinin yolları açıqlanıb Orta Dəhlizdə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yükdaşımanı sürətləndirmək üçün, bir sıra istiqamətlərdə “dar boğazları” aradan qaldırmaq lazımdır, bu çətinliklər əsasən Qazaxıstan və Gürcüstanda müşahidə edilir.
İnfrastruktur
14 Fevral , 2023 16:22
Orta Dəhlizin infrastruktur imkanlarının genişləndirilməsinin yolları açıqlanıb

Orta Dəhlizdə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yükdaşımanı sürətləndirmək üçün, bir sıra istiqamətlərdə “dar boğazları” aradan qaldırmaq lazımdır, bu çətinliklər əsasən Qazaxıstan və Gürcüstanda müşahidə edilir.

Bunu “Report”a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyib.

Onun sözlərinə görə, Orta Dəhliz getdikcə özünü Rusiyadan keçən marşrutlara alternativ olaraq təsdiq edir: "Buna baxmayaraq, Orta Dəhlizin fərqli seqmentlərində “dar boğazlar” var. Qazaxıstan Orta Dəhlizin aktiv ölkələrindən biridir. Ötən il bu marşrutla Qazaxıstanın daşıdığı yüklərin həcmi 2021-ci illə müqayisədə 2,5 dəfə artaraq 1,5 milyon tona çatıb. Qeyd etmək lazımdır ki, Qazaxıstan Almata istiqamətində üçüncü sərhəd-keçid məntəqəsini qurur. Amma Qazaxıstanın liman infrastrukturu böyük yüklərin ötürülməsi gücündə deyil, onun çeşidli məhsullar üzrə artırılmasına və genişlənməsinə ehtiyac var. Qazaxıstanın əsas marağı neftin, kömürün, uranın ötürülməsi ilə bağlıdır, lakin Çinin “Bir Kəmər, Bir yol” konsepsiyası dünyada konteyner yüklərin artırılmasını hədəfləyib. Bu konteksdə bunları nəzərə alaraq həm Aktau, həm də Kurık limanlarında genişlənmə işləri aparılmalıdır”.

Azərbaycan tərəfinə gəlincə isə R. Ağamirzəyev qeyd edib ki, bu il ərzində Bakı Limanının ikinci fazasının tikintisi ilə bağlı işlərə başlanacaq: "Dəmir yolunda isə dəyişən cərəyan sisteminə keçidlə bağlı Ucar -Bakı istiqamətində görülən işlər tamamlanmaqdadır. Həmçinin, dəmir yolunun hərəkət tərkibi yenilənməlidir. Azərbaycan həmçinin alternativ yollar istiqamətində də işlər görməlidir”.

Onun sözlərinə görə, Orta Dəhlizin digər vacib ölkələrindən biri Gürcüstandır: “Bəzən Azərbaycandan göndərilən yüklər Gürcüstan limanında qalmasını müşahidə edirik. Hazırda Gürcüstan üçün əsas gündəmdə olan məsələ Qafqaza giriş və Qafqazdan çıxış nöqtəsi olan Qara Dənizin Şərq sahillərindən dərin sulu Anakliya limanın tikintisidir. Liman 100 milyon ton yük və 1 milyona qədər konteynerin qəbulunu həyata keçirə bilər. Bu limana "Panamax" tipli gəmilərin yan almasına şərait yaradılacaq”.

Ekspert əlavə edib ki, Gürcüstan Şərq-Qərb dəhlizi üzrə avtomobil yollarının, dəmir yollarının moderniziyasını 2024-cü ildə tamamlanmasını gözləyir.

O vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin vacib elementlərindən biridir: “Bu marşrutun genişləndirilməsi üzrə də işlər gedir”.

Ekspert dəhlizin Türkiyə hissəsində görülən işlərə toxunub: “Türkiyə dəmir yollarının genişləndirilməsi layihəsini elan edib. Bu geniş layihədir. 30 il ərzində Türkiyənin infrastrukturuna 190 milyard ABŞ dolları yatırım ediləcəyi gözlənilir. Bu məbləğin hər il 63 %-i dəmir yoluna yatırılacaq. Çünki dəmir yolunun potensialı böyükdür, lakin ötürücülük qabiliyyəti potensialından dəfələrlə aşağıdır. Yəni, Tükiyədə əsas yük avtomobil yolları ilə daşınır, ona görə də bu işlər görülməlidir, lakin dəmir yolları ilə daha çox yük daşıya bilər. Türkiyənin hədəfi budur ki, Ədirnədən (Türkiyə Bolqarıstan sərhəddindən) Kartsaxiyədək (Türkiyə-Gürcüstan sərhəddinə) dəmir yolu ilə olan 1 800 km məsafəni 12 saata qət edilsin”.

R.Ağamirzəyev deyib ki, Orta Dəhlizin cənub hissəsinin Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunda bu ilin ikinci yarısında tikintiyə başlanacaq: "Bu istiqamətdə 2023-cü il iyunun 1-nədək texniki-iqtisadi əsaslandırmanın yekunlaşdırılması ilə bağlı vaxt qoyulub: “Yaxın 5 il ərzində isə tikintisi yekunlaşacaq”.

Son xəbərlər

Orphus sistemi