Nihal Əl-Meqhatbel: "Ərəb regionu üçün mənzil problemi struktur risklərə çevrilir"
- 19 may, 2026
- 13:17
Ərəb regionu üçün mənzil problemi ilə bağlı risklər müvəqqəti deyil, struktur risklərə çevrilir.
"Report" xəbər verir ki, bunu Misirin keçmiş planlaşdırma, monitorinq və inzibati islahatlar nazirinin müavini Nihal Əl-Meqhatbel Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Siyasətdən Təsirə: Mənzil Təminatının Miqyasının Artırılması" tədbirində deyib.
Onun sözlərinə görə, mənzil təminatı məsələsi Ərəb regionu üçün həqiqətən olduqca mühüm mövzudur: "Ərəb regionu fərqli ölkələrdən ibarətdir. Mövcud olan bütün siyasi və iqtisadi fərqlilikləri, fərqli şəraitləri nəzərə alsaq, bu 22 ölkə eynitipli deyil. Lakin mənzil problemləri bu region və buradakı fərqli ölkələr üçün mahiyyət etibarilə çox böyük əhəmiyyət kəsb edir, xüsusən də onların bir çox risklərlə üz-üzə qaldığını nəzərə alsaq. Təəssüf ki, bu risklər müvəqqəti deyil, artıq struktur risklərə çevrilməkdədir. Biz görürük ki, bu risklərin sırasına mənzil qiymətlərinin əlçatanlığı ilə bağlı təzyiqlər, qeyri-rəsmi məskunlaşma, iqlim riskləri, münaqişələrlə bağlı məcburi köçkünlük və vətəndaşların daha yaxşı mənzil şəraiti ilə yanaşı, əsas xidmətlərə çıxışla bağlı artan gözləntiləri daxildir".
O əlavə edib ki, buna görə də, milli mənzil siyasətləri çox vacib bir məsələyə çevrilir: "Bu, qlobal problemdir, lakin onun fərqli regionlarda özünəməxsus fərqli çalarları var. Bizim bu sahədə məlumatlara və "sübutlara əsaslanan siyasət" adlandırdığımız yanaşmaya ehtiyacımız var".