Neftçalanın içməli su problemi noyabrda həll olunacaq

Neftçalanın içməli su problemi noyabrda həll olunacaq Şirvan-Muğan qrup su kəmərindən Neftçalaya çəkilməli olan 44 km uzunluğunda magistral su kəmərinin artıq 38 km-i quraşdırılıb.
İnfrastruktur
578
24 Sentyabr , 2020 15:57
Neftçalanın içməli su problemi noyabrda həll olunacaq

Şirvan-Muğan qrupu su kəmərindən Neftçalaya çəkilməli olan 44 km uzunluğunda magistral su kəmərinin artıq 38 km-i quraşdırılıb.

Bunu "Report"a açıqlamasında “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, ötən gün Cəmiyyətin rəhbərliyi Neftçala rayonunda görülən işlərlə yerində tanış olub: “Azərsu" sədrinin I müavini Teyyub Cabbarov və sədr müavini Etibar Məmmədov Neftçala rayonunda olublar. Rayon İcra Hakimiyyətinin başçısı ilə birlikdə işlərin gedişi müzakirə edilib, layihənin vaxtında başa çatdırılması ilə bağlı tapşırıqlar verilib. Neftçala rayonunu içməli su ilə təmin edəcək kəmərin Kür çayı ilə kəsişmə nöqtəsində işlərə başlanılıb. Burada dəmir-betondan ibarət dayaqlar tikiləcək, onun üzərində estaka quraşdırılacaq və kəmər həmin estakadanın üzərindən (Kür çayının üstündən) aparılacaq.

A.Cəbrayıllı vurğulayıb ki, kəmərin böyük hissəsi, 38 km-i artıq çəkilib, eyni zamanda Salyan rayonu ərazisində su anbarının tikintisinin də böyük hissəsi icra olunub: “İşlər qrafika uyğun şəkildə davam etdirilərsə, cari ilin noyabr ayında artıq su kəməri şəhərin mövcud şəbəkəsinə birləşdiriləcək. Beləliklə, Kür sutəmizləyici qurğularında emal olunan və Şirvan-Muğan qrup su kəməri ilə nəql olunan içməli su Neftçala sakinlərinə çatdırılacaqdır”.

Xatırladaq ki, bu günə qədər Neftçala rayonuna verilən su birbaşa Kür çayından götürülüb, qismən təmizlənmiş formada əhaliyə verilirdi. Cari ilin yay mövsümündə Kür çayında suyun səviyyəsinin aşağı düşməsi səbəbindən yaşanan su problemi də ən çox Neftçala rayonunda özünü göstərib. Artıq 3 aydan çoxdur ki, Neftçala şəhəri və 30-dan artıq kəndə içməli su Salyan rayonundan maşınlarla daşınır.

Son xəbərlər

Orphus sistemi