Nazir: Anqola demoqrafik bum fonunda xaotik urbanizasiya ilə bağlı genişmiqyaslı çağırışlarla üzləşir

İnfrastruktur
  • 17 may, 2026
  • 11:00
Nazir: Anqola demoqrafik bum fonunda xaotik urbanizasiya ilə bağlı genişmiqyaslı çağırışlarla üzləşir

Anqola əhalinin sürətli artımı və ölkə daxilində sakinlərin genişmiqyaslı yerdəyişməsi ilə şərtlənən intensiv və çox vaxt nəzarətsiz urbanizasiya mərhələsindən keçir.

"Report" xəbər verir ki, bunu Anqolanın ictimai işlər, şəhərsalma və mənzil tikintisi naziri Karluş Albertu Qreqoriu duş Santuş Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, Anqola əhalisi hazırda 36 milyon nəfərdən artıqdır, üstəlik onların böyük əksəriyyəti iri şəhər aqlomerasiyalarında və şəhərətrafı zonalarda yaşayır.

"Bu cür artım templəri mənzil sahəsi, nəqliyyat infrastrukturu, kanalizasiya sistemləri və əsas sosial xidmətlərin yüklənməsinə səbəb olub. Bu çağırışlara cavab olaraq hökumət ərazi inkişafı strategiyasını yenidən nəzərdən keçirir", - o deyib.

K.Santuş qeyd edib ki, Anqolanın şəhərsalma siyasəti sadəcə yaşayış məntəqələrinin fiziki sərhədlərinin genişləndirilməsi ilə məhdudlaşmır. Artıq urbanistika iqlim təhdidlərinin azaldılması, ətraf mühitin qorunması, sosial inklüzivliyin təmin edilməsi və şəhərlərin dayanıqlığının gücləndirilməsində strateji rol oynayır.

"Mənzil çatışmazlığının aradan qaldırılması üçün Anqola 12 prioritet istiqaməti əhatə edən dövlət proqramları həyata keçirir. Dayanıqlı şəhərlər güclü infrastruktur bazası və kifayət qədər maliyyə təminatı olmadan mümkün deyil. Beynəlxalq tərəfdaşları çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə çağırıram. Düzgün qurulmuş urbanizasiya həm Anqola, həm də bütün Afrika qitəsi üçün iqtisadi yüksəlişin və iqlimə uyğunlaşmanın təsirli alətinə çevrilə bilər", - nazir bəyan edib.

44 filmi