Bakı. 12 noyabr. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskvada müşahidə edilən qarlı və küləkli hava şəraiti bu gün səhər saatlarında Bakıya uçmalı olan təyyarənin ləngiməsinə səbəb olub.
"Report"un Heydər Əliyev Beynəlxalq Hava Limanından əldə etdiyi məlumata görə, Moskvanın "Şeremetyevo" hava limanından saat 00:55-də Bakıya aviareys yerinə yetirməli olan təyyarə 1 saat sonra havaya qalxa bilib və Azərbaycan paytaxtına təyin edilmiş vaxtdan 40 dəqiqə gec enib.
Moskva-Bakı istiqamətində ("Vnukovo" hava limanı) növbəti aviareys isə saat 11:00-da yerinə yetirilməlidir. Təyyarə Bakıya saat 14:00-da çatmalıdır.
Qeyd edək ki, Bakı-Moskva və Moskva-Bakı istiqamətində həftənin hər günü aviauçuşlar yerinə yetirilir.
"Report"un "İnterfax.ru" saytına istinadən verdiyi xəbərə görə, bu saata əsasən Moskva hava limanlarında 40 aviareys ləngiyir, təxminən 100-ü isə təxirə salınıb.
"Yandex.Tablo" isə göstərir ki, "Şeremetyevo"da 21 reys ləngiyir, 86 reys təxirə salınıb. "Domodedovo"da isə 20 reys ləngiyir, 13 reys təxirə salınıb. Bununla belə aerodrom xidməti gücləndirilmiş iş rejmində çalışır.