Bakı. 1 noyabr. REPORT.AZ/ “Son bir ildə Milli Arxiv İdarəsinə 47 mindən çox müraciət daxil olub ki, bunun da 19 minə yaxını daşınmaz əmlakla bağlıdır”.
“Report” xəbər verir ki, bunu idarənin rəisi Əsgər Rəsulov bildirib.
Bundan başqa, onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun yaratdığı “bir pəncərə” sistemi vasitəsilə 12 minə yaxın müraciət qəbul edilib ki, bunun da 4 mini daşınmaz əmlakla bağlıdır.
“Bu rəqəmlər bu gün Əmlak Məsələləri Dövlət Komitəsi ilə imzaladığımız memorandumun əhəmiyyətli olduğunu göstərir. Təəssüf ki, bu günə qədər bəzi arxiv sənədlərini saxtalaşdıra bilirdilər. Belə sənədlər ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə aparıldıqda şübhə doğururdu və həmin sənədin əsli ilə eyni olmasını yoxlamaq üçün İdarəyə sorğu göndərilirdi. Bu isə vaxt aparırdı. Bu memorandumla həmin süründürməçiliyin qarşısı alınacaq”, - Ə.Rəsulov qeyd edib.
Milli Arxiv İdarəsinin rəisi onu da bildirib ki, rəhbərlik etdiyi qurum arxiv sənədlərinin rəqəmsallaşdırılmasını davam etdirir: “Artıq bir neçə ildir ki, bu işlərə başlamışıq. Ümumilikdə 700-750 mln. vərəq işin rəqəmsallaşdırılmasında söhbət gedir. Qərara almışıq ki, ilk olaraq daşınmaz əmlakla bağlı sənədlərin rəqəmsallaşdırılmasına üstünlük verək”.