Mazitov: Daşınmaz əmlak yalnız mülkiyyətçilərin aktivi deyil, həm də şəhər iqtisadiyyatının əsasıdır

İnfrastruktur
  • 21 may, 2026
  • 12:33
Mazitov: Daşınmaz əmlak yalnız mülkiyyətçilərin aktivi deyil, həm də şəhər iqtisadiyyatının əsasıdır

Daşınmaz əmlak və torpaq resurslarının ədalətli və şəffaf şəkildə idarə edilməsi şəhərlərin dayanıqlı inkişaf etmək qabiliyyətini müəyyən edir.

"Report" xəbər verir ki, bu barədə Ərazilərin İnkişafı Beynəlxalq Assosiasiyasının sədri Vasil Mazitov Bakıda WUF13 çərçivəsində keçirilən "Şəhərlərin dayanıqlı inkişafının hərəkətverici qüvvəsi kimi daşınmaz əmlakın ədalətli vergisi" adlı tədbirdə bildirib.

O qeyd edib ki, nəqliyyat, ekologiya, mənzil və iqlim dəyişikliyi məsələləri ənənəvi olaraq beynəlxalq müzakirələrin mərkəzindədir, lakin daşınmaz əmlak və torpaq resurslarının idarə edilməsi sistemi şəhərlərin dayanıqlı inkişafı üçün həlledici roluna baxmayaraq, çox vaxt diqqətdən kənarda qalır.

V.Mazitovun sözlərinə görə, daşınmaz əmlak təkcə mülkiyyətçilərin aktivi deyil, həm də şəhər iqtisadiyyatının əsasıdır: "Çünki infrastrukturun, ictimai məkanların, nəqliyyatın inkişafı və həyat keyfiyyətinin yüksəldilməsi üçün resurslar məhz bu sistem vasitəsilə formalaşır. Dövləti həm dayanıqlı gəlirlərlə təmin edəcək, həm də cəmiyyət üçün anlaşıqlı, ədalətli və etimada əsaslanacaq vergi sisteminin formalaşdırılması əsas çağırışlardan biri olaraq qalır".

O, həmçinin keyfiyyətli məlumatların, mülkiyyət hüquqlarının şəffaf şəkildə qeydiyyatının, daşınmaz əmlakın qiymətləndirilməsinin müasir metodlarının və ərazilərin inkişafı analitikasının vacibliyini qeyd edib.

V.Mazitovun sözlərinə görə, bu proseslərin səmərəli şəkildə idarə edilməsi şəhər idarəetməsinin keyfiyyətinin artırılması hesabına ərazilərin uzunmüddətli kapitallaşmasına və onların dəyərinin artmasına kömək edə bilər.

44 filmi