Masallı-Yardımlı yolunun çökən hissəsi bərpa olunub
- 24 aprel, 2017
- 05:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 24 aprel. REPORT.AZ/ İntensiv yağan yağışlar nəticəsində sürüşmə baş vermiş Masallı-Yardımlı avtomobil yolunun 17-ci kilometrlik hissəsi əsaslı şəkildə bərpa olunaraq sürücülərin istifadəsinə verilib.
"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, aparılmış bərpa işləri çərçivəsində uzunluğu 52 metr, eni isə 10 metr olan yolun 0,8-1 metr dərinliyinə qədər çökmüş hissəyə xüsusi material tökülərək kipləşdirmə işləri aparılıb. Kipləşdimə işlərindən sonra yola ikiqat olmaqla (7+5 sm) yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə, sözügedən hissənin 1 750 kv.m sahəsi asfaltlanıb.
"Bərpa işləri çərçivəsində zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Bununla da, Masallı-Yardımlı yolunun qeyd olunan hissəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkəti təmin olunub", - deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, Masallı-Yardımlı avtomobil yolunun 17-ci km-də sürüşmə hadisəsi 2015-ci ilin sonlarında baş verib. Həmin vaxt sürüşən yola paralel olaraq 400 metr uzunluğunda alternativ yol salınmışdır.