Azərbaycanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM) əhəmiyyətli potensialı var.
Bunu "Report"a açıqlamasında Çexiyanın "MALBI-trans" beynəlxalq nəqliyyat və logistika şirkətinin baş icraçı direktoru Liliana Krutonoq bildirib.
O qeyd edib ki, "MALBI-trans" şirkəti əvvəllər Brest-Malaşeviçi marşrutunda fəaliyyət göstərirdi, lakin Ukraynada müharibə və bu ölkədən tranzitə marağın azalması fonunda diqqət TBNM-ə yönəlib.
L. Krutonoqun sözlərinə görə, müştərilər getdikcə daha çox alternativ marşrutları seçirlər və Azərbaycandan keçən Orta Dəhliz müxtəlif şirkətlər, o cümlədən Çin şirkətləri arasında populyarlıq qazanır. "Biz bu marşruta artan tələbatı müşahidə edirik və TBNM üzrə yük daşımalarının həcmi yalnız artacaq. Azərbaycan bu istiqamətdə inkişaf üçün yaxşı imkanlara malikdir, lakin infrastruktura, multimodal terminallara və dəhlizin potensialından maksimum istifadə etməyə imkan verəcək layihələrə əlavə investisiyalar lazımdır", - deyə L. Krutonoq vurğulayıb.
Orta Dəhliz üzrə fəaliyyəti çərçivəsində "MALBI-trans" logistika zəncirlərinin inkişafı və yük daşımaları üçün marşrutların optimallaşdırılması ilə fəal məşğul olur, müştərilərə Çindən Avropaya Azərbaycan vasitəsilə malların çatdırılması üçün davamlı və sürətli həllər təklif edir.
Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.
2023-cü ildə Orta Dəhliz vasitəsi ilə 2 milyon 750 min ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 64 % çoxdur.