“KamAZ” avtomobillərinin yeni nəsli Azərbaycana ixrac edilə bilər
- 18 noyabr, 2021
- 11:22
“KamAZ” SC tərəfindən yeni K5 nəsil avtomobillərinin Azərbaycana tədarükü məsələsi müzakirə mərhələsindədir.
Bunu “Report”a müəssisənin baş direktor müavini Rüstəm Şəmsəddinov bildirib.
“Biz təklifimizi Gəncə zavodu vasitəsilə çatdırmışıq. Hazırda təfərrüatların müzakirəsi gedir” – deyən direktor müavini ilkin razılaşmaya görə Azərbaycana ilk dəsti 50 ədəd olmaqla bütövlükdə 200 avtomobil tədarük edəcəklərini də bildirib.
Qeyd edək ki, “KamAZ” cari ilin əvvəlində iki yük maşını və bir tır modelindən ibarət K5 nəslini bazara çıxarıb. “KamAZ-65659” tırının əsas xüsusiyyəti 6x2 təkər düsturu, 650 litrədək artırılan yanacaq çəni, 120 min km-dək artırılan servislərarası intervalı, 1,2 milyon km-lik istismar müddətidir.
Bununla yanaşı, Rusiya müəssisəsi cari ildə yumşaq yüklər üçün nəzərdə tutulmuş 65951 (8x4) və 65952 yük maşını modellərini (çəkisi müvafiq olaraq 51 və 40 ton) də təqdim edib.