IRU-nun baş katibi: “Bu il “eTIR” sisteminin tətbiqi Orta Dəhlizi nəqliyyat mərkəzinə çevirəcək” - MÜSAHİBƏ

IRU-nun baş katibi: “Bu il “eTIR” sisteminin tətbiqi Orta Dəhlizi nəqliyyat mərkəzinə çevirəcək” - MÜSAHİBƏ 111
İnfrastruktur
19 mart 2025 10:30
IRU-nun baş katibi: “Bu il “eTIR” sisteminin tətbiqi Orta Dəhlizi nəqliyyat mərkəzinə çevirəcək” - MÜSAHİBƏ

Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – TBNM) inkişafı qlobal logistikada getdikcə daha böyük əhəmiyyət kəsb edir. Çin, Mərkəzi Asiya, Qafqaz və Avropanı birləşdirən bu marşrut daha səmərəli və dayanıqlı yük daşımalarını təmin edərək ənənəvi nəqliyyat yollarına mühüm alternativ olur.

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) baş katibi Umberto de Pretto “Report”a müsahibəsində Orta Dəhlizin infrastrukturunun mövcud vəziyyəti, yük daşımaları üçün əsas çağırışlar, gömrük və tranzit prosedurlarının sürətləndirilməsində rəqəmsallaşmanın rolu, həmçinin marşrutun səmərəliliyinin artırılması üçün zəruri olan addımlar barədə danışıb.

Müsahibəni oxuculara təqdim edirik:

- IRU Orta Dəhliz boyunca yol infrastrukturunun vəziyyətini necə qiymətləndirir?

- Marşrut boyunca yerləşən ölkələr yol şəbəkəsinin inkişafına fəal şəkildə sərmayə qoymağa davam edir. Avtomobil nəqliyyatı sahəsində keyfiyyətli yolun hər yeni kilometri qiymətləndirilir. Lakin həddindən artıq yüklənmə və bürokratik prosedurlar sərhədlərdə gecikmələrə səbəb olarsa, hətta ideal yollar belə daşımaların və ticarətin lazımi dərəcədə səmərəliliyini təmin edə bilməz.

Orta Dəhlizin potensialının tam üzə çıxarılması üçün təkcə fiziki infrastruktura deyil, həm də prosedurların, əlaqəli xidmətlərin və rəqəmsal alətlərin modernləşdirilməsinə sərmayə qoymaq vacibdir. Bu, sərhəd keçidlərində artan yük axınının öhdəsindən gəlməyə kömək edəcək. Əsas istiqamət proseslərin rəqəmsallaşdırılması olmalıdır. Bu, ticarət və tranzit əməliyyatlarını sürətləndirərək marşrutun rəqabət qabiliyyətini artıracaq.

- Bu gün nəqliyyat dəhlizlərinin inkişafında əsas çağırışlar hansılardır?

- Ticarət həcmlərinin artması sərhəd keçidlərinə təzyiqi artırır, burada yük maşınlarının sürücüləri sərhədi keçmək üçün günlərlə, bəzən isə həftələrlə gözləməli olurlar. Biz tez-tez dayanıqlı inkişafdan danışırıq, lakin səmərəli sərhədlər olmadan buna nail olmaq mümkün deyil. Nəzarət-keçid məntəqələrində gecikmələr, nəqliyyatın boş dayanması, ticarətin bloklanması və karbon emissiyalarının artması – bütün bunlar dayanıqlılıq prinsiplərinə ziddir.

Yaxşı xəbər odur ki, artıq BMT-nin TIR, CMR və “Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında” beynəlxalq konvensiyalarına əsaslanan sınaqdan keçmiş həllər mövcuddur. Bunlar avtomobil daşımalarının səmərəliliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verir. “eTIR” və “e-CMR” kimi rəqəmsal alətlər sayəsində səmərəliliyin daha da artırılması mümkündür. Bunlar gələcəyin texnologiyaları deyil - onlar artıq işləyir. Biz onların üstün cəhətlərini müzakirə etməyi dayandırıb əməli tətbiqinə diqqət yetirmək vaxtıdır. Hüquqi baza var, indi əsas məsələ onun tətbiqidir.

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) "Avropa və Mərkəzi Asiya arasında dayanıqlı nəqliyyat əlaqələri" adlı araşdırması təsdiq edib ki, TIR sistemi daşımaların vaxtını və xərclərini əhəmiyyətli dərəcədə azaldır, habelə gömrük xidmətlərinə riskləri daha səmərəli idarə etməyə kömək edərək dələduzluq ehtimalını azaldır.

CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) proqramı çərçivəsində aparılan digər təhlil göstərib ki, TIR-in tətbiqi sərhədkeçmə vaxtını təxminən üçdə bir, xərcləri isə altı dəfə azaldır. Bu, prosedurların rəqəmsallaşdırılması və unifikasiyasının marşrutların rəqabət qabiliyyətinin artırılmasında əsas amillər olduğunu təsdiqləyir.

- Mövcud yol şəbəkəsi beynəlxalq yük daşımalarının tələblərinə nə dərəcədə cavab verir?

- Artıq qeyd edildiyi kimi, problem yolların keyfiyyətində deyil, nəqliyyat proseslərini tənzimləyən "yumşaq infrastruktur"dadır. Fiziki və rəqəmsal infrastruktura investisiya qoyuluşu paralel həyata keçirilməlidir, əks halda hətta ideal yollar belə gecikmələrlə bağlı problemləri həll etməyəcək.

IRU Asiya İnkişaf Bankı (ADB) və CAREC proqramı ilə birlikdə artıq bu istiqamətdə işləyib. 2011-ci ildə NELTI (Avrasiya Nəqliyyat Təşəbbüsü Marşrutu) layihəsinin ikinci mərhələsi çərçivəsində Avrasiya marşrutlarında əsas maneələri müəyyən etmək üçün sınaq yük karvanları təşkil etdik. Araşdırma Böyük İpək Yolu marşrutu boyunca, o cümlədən Orta Dəhliz vasitəsilə avtomobil daşımalarının inkişafına töhfə verə biləcək bütün maraqlı tərəflər üçün tövsiyələrin əsasını təşkil edib.

Bu tövsiyələr bu gün də aktualdır: tranzit icazələrinin ləğvi, ticarəti məhdudlaşdıran daşıma kvotalarından imtina, bütün ölkələrin “e-CMR”ə qoşulması, gömrük prosedurlarının rəqəmsallaşdırılması və uzlaşdırılması, ilkin elektron bəyannamələrin tətbiqi, sərhədlərdə yüklərin birgə yoxlanılması, bərə xətlərinin müntəzəm cədvəlinin təmin edilməsi, həmçinin sürücülərin və nəqliyyat şirkətlərinin peşəkar səviyyəsinin artırılması.

NELTI layihəsinin nəticələrini təhlil edərkən, əldə edilmiş irəliləyişdən qürur duyuram, lakin eyni zamanda bir çox əsas məsələlərin öz həllini tapmamasına və eyni mövzuları yenidən qaldırmağa məcbur olduğumuza görə narahatam. Hərəkətə keçməyin vaxtı çoxdan gəlib çatıb - indi onları həyata keçirmək vacibdir.

- Orta Dəhlizin hansı hissələrinin modernləşdirilməsinə və təkmilləşdirilməsinə ehtiyac var?

- İki əsas aspekt xüsusi diqqət tələb edir: sərhəd keçidləri və multimodal nəqliyyat infrastrukturu.

Sərhədlərə gəldikdə, TIR sistemi artıq darboğazların aradan qaldırılmasında öz səmərəliliyini sübut edib. Gömrük orqanları tərəfindən riskyönümlü yanaşmaların tətbiqi aşağı risk səviyyəli yüklərin rəsmiləşdirilməsini sürətləndirməyə imkan verir. Mərkəzi Asiya ölkələrində gömrük xidmətlərinin TIR-EPD sistemi vasitəsilə yük haqqında əvvəlcədən məlumat aldığı xüsusi TIR dəhlizləri yaradılır ki, bu da yoxlama və rəsmiləşdirmə vaxtını əhəmiyyətli dərəcədə azaldır.

İkinci vacib aspekt - multimodal daşımalardır. Orta Dəhliz yüklərin müxtəlif nəqliyyat növləri arasında bir neçə dəfə yüklənib-boşaldılmasını tələb edir ki, bu da bir tərəfdən çeviklik verir, digər tərəfdən isə sistemlərin qarşılıqlı əlaqəsinin təmin edilməsi ilə bağlı çağırışların meydana çıxmasına səbəb olur. Məsələn, Qazaxıstan artıq infrastrukturu fəal şəkildə inkişaf etdirir: 11 min km uzunluğunda avtomobil yollarının tikintisi və yenidən qurulması, Aktau və Kurık limanlarında terminalların genişləndirilməsi, həmçinin quru limanların inkişafı planlaşdırılır. Bu tədbirlər logistika şirkətləri üçün marşrutun cəlbediciliyini əhəmiyyətli dərəcədə artıracaq.

- Regionda prosedurları sadələşdirmək və logistikanı optimallaşdırmaq üçün hansı addımlar faydalı ola bilər?

- Artıq qeyd edildiyi kimi, yalnız beynəlxalq səviyyədə razılaşdırılmış alətlər və rəqəmsallaşma sayəsində darboğazları aradan qaldırmaq, nəqliyyat və tranzit sektorunun potensialını üzə çıxarmaq mümkündür. Müzakirələrdən onların praktiki tətbiqinə keçmək vaxtıdır.

Regional ticarət və logistikanın maksimum inkişafı üçün strateji fokus "yumşaq" həllərə - gömrük prosedurlarının rəqəmsallaşdırılması, tənzimləyici normaların uzlaşdırılması və qabaqcıl tranzit alətlərinin tətbiqinə istiqamətlənməlidir.

- Tranzit və gömrük prosedurlarının rəqəmsallaşdırılması üçün potensialı necə qiymətləndirirsiniz?

- Rəqəmsallaşma təkcə ticarət əməliyyatlarını sadələşdirmir, həm də onları daha şəffaf və təhlükəsiz edir. Artıq bütün lazımi alətlər mövcuddur – yalnız onların tətbiqini sürətləndirmək qalır.

IRU BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) ilə birlikdə kağız daşıyıcıda sənəd dövriyyəsini tamamilə aradan qaldıran və gömrük orqanlarını BMT-nin “eTIR” beynəlxalq sistemi ilə birbaşa əlaqələndirən “eTIR" sisteminin tətbiqi üçün gömrük orqanları və özəl sektorla fəal işləyir.

Azərbaycanda imzalanmış sənədlər nəqliyyat prosedurlarının rəqəmsallaşdırılmasına marağı təsdiqləyir. Bu sənədlər BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində hazırlanmış "Transxəzər nəqliyyat dəhlizi boyunca multimodal məlumat və sənəd mübadiləsinin rəqəmsallaşdırılması üzrə Yol Xəritəsi" və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin imzaladığı "eTIR-in tətbiqi üzrə Yol Xəritəsi"dir.

Bundan başqa, “eTIR” “e-CMR”, “e-Visas” və “e-Permits”in tətbiqi ilə müşayiət olunmalıdır. Bu rəqəmsal alətlər nəqliyyat əməliyyatlarını sürətləndirərək və inzibati maneələri azaldaraq böyük üstünlüklər yaradır.

Əlavə olaraq qeyd etmək lazımdır ki, BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibinin müavini Dmitri Mariyasin bu ilin əvvəlində Bakıda keçirilən tədbirdə AİK və IRU arasında TIR sisteminin tətbiqi və “eTIR”ə keçid məsələlərində sıx əməkdaşlığın olduğunu təsdiqləyib.

O, həmçinin vurğulayıb ki, gömrük proseslərinin rəqəmsallaşdırılması nəinki tranzitin sürətləndirilməsinə, həm də CO₂ emissiyalarının azaldılmasına imkan verəcək. Artıq bu il Orta Dəhliz boyunca yerləşən ölkələrdə “eTIR”in tam tətbiqi planlaşdırılıb.

- Hansı ölkələr bürokratik maneələrin azaldılmasında ən yaxşı təcrübə nümayiş etdirir?

- Biz ikitərəfli və çoxtərəfli səviyyələrdə, həmçinin beynəlxalq təşkilatlarla tərəfdaşlıq çərçivəsində inzibati prosedurların sadələşdirilməsinə yönəlmiş uğurlu əməkdaşlıq nümunələrini müşahidə edirik.

IRU və bütün dünyada milyonlarla nəqliyyat şirkətini təmsil edən milli assosiasiyalar bu prosesdə mühüm rol oynayır. Bizim vəzifəmiz özəl və dövlət sektoru arasında əlaqələndirici bənd olmaq, biznesi dəstəkləmək üçün siyasəti uyğunlaşdırmağa kömək etməkdir. Çünki məhz özəl sektor iqtisadi artımın lokomotividir. İnkişaf etmiş nəqliyyat sektoru ticarət və investisiyaların əsasını təşkil edir, bu isə bürokratik maneələrin aradan qaldırılmasının birbaşa regionun iqtisadi dinamikasına təsir göstərməsi deməkdir.

- IRU Orta Dəhlizlə yük daşımalarını stimullaşdırmaq üçün hansı təşəbbüsləri dəstəkləyir və ya təklif etməyi planlaşdırır?

- Biz tərəfdaşlarımız və dövlətlərlə logistikanın optimallaşdırılması, tranzit müddəti və xərclərin azaldılması üzərində işləməyə davam edirik. Marşrutun yüksək səmərəliliyi və əlverişli şərtlər sayəsində daha çox biznesin cəlb edilməsi qaçılmaz olacaq.

Praktiki alətlərdən biri dar boğazları müəyyən etməyə və onların aradan qaldırılması üçün həllər təklif etməyə imkan verən sınaq yükdaşıma karvanlarıdır. Bundan əlavə, aydındır ki, ticarət və nəqliyyat rəqəmsallaşdırılmadan Orta Dəhlizin gələcək inkişafı mümkün deyil.

Yaxın perspektivdə biz 2023-cü ilin noyabrında SPECA-nın Bakıda keçirilən Zirvə görüşündə təsdiqlənmiş multimodal məlumat və sənəd mübadiləsinin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsinin həyata keçirilməsinə xüsusi diqqət yetirəcəyik. Əsas məqsəd 2025-ci ildə “eTIR” sisteminin tətbiqidir ki, bu da yüksək səmərəli nəqliyyat qovşağının yaradılması istiqamətində mühüm addım olacaq.

- Orta Dəhlizin biznes üçün cəlbediciliyini artıra bilən hansı stimullar və ya mexanizmlər mövcuddur?

- Əsas amil rəqəmsallaşdırmadır. O, prosesləri sürətləndirir, xərcləri azaldır və marşrutu daha rəqabətqabiliyyətli edir.

Orta Dəhlizlə yükdaşımaların həcmi sürətlə artır. Lakin Bakıda keçirilən COP29-da qəbul edilmiş birgə kommünikedə qeyd edildiyi kimi, fiziki infrastrukturun inkişafı ilə yanaşı, rəqəmsal qarşılıqlı əlaqəlilik xüsusi rol oynayır. Məhz o, logistikanı optimallaşdırmağa və dəhlizin ötürmə qabiliyyətini artırmağa imkan verir.

IRU Azərbaycanın nəqliyyat sahəsində rəqəmsal həllərin tətbiqi ilə bağlı təşəbbüsünü fəal şəkildə dəstəkləyir. COP29-da “eTIR” və “e-CMR”ə tam keçidin zəruriliyi xüsusi olaraq vurğulanıb ki, bu da daşımaların səmərəliliyinin artmasına və karbon izinin azalmasına töhfə verəcək.

Son xəbərlər

Orphus sistemi