Moldova Azərbaycanın tranzit imkanlarından həm də Şərq və Asiya bazarlarına çıxmaq üçün də istifadə etməkdə maraqlıdır.
Bunu “Report”a eksklüziv müsahibəsində Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Bolya deyib.
“Bu gün Moldovada iki liman fəaliyyət göstərir - biri özəl, digəri isə İnfrastruktur və Regional İnkişaf Nazirliyinin idarəçiliyində olan dövlət limanı. Dövlət limanı hazırda aktiv modernləşdirilmə mərhələsindədir”. - o bildirib.
Nazirin sözlərinə görə, limanın potensialı artdıqca və logistika infrastrukturu inkişaf etdikcə biz limanımızın administrasiyası ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında birbaşa əlaqələr qurmağı planlaşdırırıq: "Bu məsələ artıq ikitərəfli əməkdaşlıq gündəliyinə daxil edilib və uzunmüddətli strateji fəaliyyətin bir hissəsi kimi nəzərdən keçirilir. Hazırda bu məsələlər üzərində iş gedir".
V.Bolya deyib ki, hazırda Moldovanın Qara dənizə birbaşa çıxışı yoxdur, bu da sözsüz ki, qeyd olunan istiqamətdə böyük regional layihələr həyata keçirməklə bağlı ölkənin imkanlarını məhdudlaşdırır.
“Buna görə də biz bütün səylərimizi Azərbaycanla mövcud şəraitdə daha böyük potensial gördüyümüz istiqamətlərdə - hava daşımaları və avtomobil nəqliyyatı sahələrində ikitərəfli əməkdaşlığın inkişafına yönəldirik.
Müəyyən həcmdə yüklərin çatdırılması həyata keçirilsə də, logistika baxımından Azərbaycana çıxış kifayət qədər mürəkkəb olaraq qalır. Bu gün biz Rumıniya, Bolqarıstan və Türkiyədən keçən marşrutdan istifadə etməyə məcburuq. Bu marşrutun faktiki olaraq bütün Qara dənizdən yan keçməsi logistika xərclərini artırır və müvafiq olaraq dəyər ifadəsində ticarət dövriyyəsini azaldır”, - o söyləyib.
Buna baxmayaraq, V.Bolya ümidvar olduğunu bildirib ki, Ukraynada müharibə başa çatdıqdan sonra bu ölkənin ərazisindən Azərbaycan istiqamətində birbaşa ticarət-nəqliyyat marşrutunu bərpa etmək mümkün olacaq.
“Bu, həm Moldova, həm də Azərbaycanın iş adamları üçün logistikanı əhəmiyyətli dərəcədə sadələşdirməyə və xərcləri azaltmağa imkan verərdi”, - nazir vurğulayıb.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.