“Report” xəbər verir ki, müqaviləni Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov və “Ofek Aerial Photography” şirkətinin icraçı direktoru David Peretz imzalayıblar.
Müqavilənin şərtlərinə əsasən “Ofek Aerial Photography” Milli Məkan Məlumatları İnformasiya Sisteminin formalaşdırılması və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı məsləhətçi xidmətləri göstərəcək.
Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli Fərmanı ilə “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları” təsdiq edilib. Bu Qaydalar milli məkan məlumatlarının formalaşdırılması, aktuallığının təmin edilməsi və inteqrasiyası, o cümlədən milli məkan məlumatları üzrə xidmətlərin göstərilməsi prosedurlarını müəyyən edir. Fərmana uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinə Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılması və həmin sistemin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası işi həvalə edilməklə komitə sistemin operatoru kimi müəyyən olunub.