Bakı. 25 dekabr. REPORT.AZ/ "Lapis-Lazuli marşrutu Əfqanıstan və digər ölkələr üçün mühüm əhəmiyyətə malikdir".
"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaral Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Yeni Bakı limanına sözügedən marşrutla ilk yükün daxil olması münasibəti ilə keçirilən mərasimdə bildirib.
Onun sözlərinə görə, bu marşrut Əfqanıstanın dünya bazarlarına çıxışını təmin edən mühüm dəhlizə çevriləcək.
"Türkiyə Əfqanıstanın yenidən gözəl günlərinə qayıtmasına böyük önəm verir",- səfir deyib və qeyd edib ki, Lapis-Lazuli Azərbaycan və Türkiyə üçün də strateji əhəmiyyətə malikdir.
Daha sonra çıxış edən Əfqanıstanın Azərbaycandakı səfiri Xeyrulla Splanay Azərbaycan, Gürcüstan, Türkiyə və Türkmənistana beynəlxalq nəqliyyat marşrutunda iştiraklarına görə təşəkkür edib. O vurğulayıb ki, bu marşrut inkişaf etdiriləcək.
Bundan başqa, tədbirdə bildirilib ki, Lapis-Lazuli marşrutuna daha bir ölkənin - Hindistanın qoşulması gözlənilir.