Güclü külək Azərbaycanda yol təsərrüfatına ciddi ziyan vurub - FOTO

Güclü külək Azərbaycanda yol təsərrüfatına ciddi ziyan vurub - FOTO Dəymiş ziyanla bağlı faktlar aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib
İnfrastruktur
31 Mart , 2018 11:47
Güclü külək Azərbaycanda yol təsərrüfatına ciddi ziyan vurub - FOTO

Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit və küləkli hava nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, Bakı şəhərinin küçə və prospektlərində, eləcə də respublikanın avtomobil yollarında quraşdırılmış yol nişanları və məlumatverici lövhələr küləyin təsirindən aşıb. Yol təsərrüfatına ən böyük ziyan Bakı Dairəvi-1 avtomobil yolunda, İnşaatçılar prospektindəki "Statistika dairəsi"ndə və Bakı Olimpiya Stadionunun yaxınlığında quraşdırılmış məlumat lövhələri aşması ilə dəyib. Ümumilikdə, ilkin hesablamalara görə, burada dəymiş ziyanın məbləği 25 min manata yaxındır.

Bundan başqa, Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 18-ci km-də, paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən keçən hissəsində 2 yük maşını güclü küləyin yaratdığı təhlükəli vəziyyət səbəbindən idarəetmədən çıxaraq aşıb. Onlardan birinin qeydiyyat nişanı Gürcüstana, digərinin isə Türkiyəyə məxsusdur. "Scania" və "Iveco" markalı hər iki yük maşını Bakıdan Qazax istiqamətində hərəkət edərkən sol yanı üstündə aşıb və bu istiqamətdə yol ayrıcında quraşdırılmış 100 paqonmetrə yaxın əyri xətli dəmir tirləri və 2 ədəd işıq dirəyini sıradan çıxarıb. Nəticədə yol təsərrüfatına 10 min manata yaxın ziyan dəyib.

Dəymiş ziyanla bağlı faktlar aktlaşdırılaraq aidiyyəti üzrə göndərilib.

Son xəbərlər

Orphus sistemi